Kallas Aİ-nin müdafiə üzrə yüksəksəviyyəli qrupunun yaradılmasına icazə verməyib
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ üzvü olan ölkələrin, ilk növbədə Almaniya və İtaliyanın təzyiqi altında keçmiş siyasi və hərbi liderlərdən ibarət Müdafiə üzrə Yüksəksəviyyəli Qrupun (High-Level Group on Defence) təsis edilməsindən imtina edib.
AFN.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat dərc edib.
Nəşrin bildirdiyinə görə, Brüsselin Kallas tərəfindən sentyabrın 1-də İrlandiyada keçirilən müdafiə nazirlərinin görüşündə irəli sürülmüş bu təşəbbüsdən imtina etməsi Estoniyanın eks-baş nazirinin mövqelərinə növbəti zərbə ola bilər. Kallas Fransa və Almaniyanın Avropa Xarici Fəaliyyət Xidmətində islahatlarla bağlı pərdəarxası planlarına qarşı mübarizə aparır və diplomatların fikrincə, onun müdafiə təşəbbüsü bu addımlara müqavimət göstərmək cəhdidir.
Təklifin əleyhinə olan tərəflər yeni qrupun səlahiyyətlərinin Avropa Komissiyasının işini təkrarlayacağından və müdafiə üzrə avrokomissar Andrius Kubilyusun fəaliyyəti ilə üst-üstə düşəcəyindən ehtiyat edirlər.
"Bəzi üzv dövlətlər hesab etdilər ki, bu, hazırkı məqamda tutulmalı olan yol deyil", - deyə Aİ rəsmilərindən biri bildirib. O əlavə edib: "Nazirlərlə aparılan müzakirələrdən sonra biz bu təşəbbüsdən imtina etmək qərarına gəldik və üzv dövlətlərlə qarşılıqlı əlaqənin yeni yollarını nəzərdən keçiririk".
"High-Level Group on Defence" strukturu üzrə təqdimat mərasimi bazar ertəsi səhər saatlarında Brüsseldə, Solve kitabxanasında keçirilməli idi. Tədbirdə Aİ təsisatlarından, analitik mərkəzlərdən, akademik dairələrdən və NATO-dan 150-yə yaxın şəxsin iştirakı gözlənilirdi.
Qrupun üzvlərinin adları Kallasın ofisi tərəfindən məxfi saxlanılsa da, üç diplomatın verdiyi məlumata görə, quruma NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen rəhbərlik etməli idi. Qrupa Estoniyanın keçmiş müdafiə naziri Yuri Luik və Fransanın keçmiş müdafiə naziri Florans Parli kimi sabiq rəsmilərin daxil olacağı gözlənilirdi. Həmçinin Böyük Britaniya və Ukrayna kimi Aİ-yə üzv olmayan ölkələrin də təmsil olunması planlaşdırılırdı.
