“Kurtlar Vadisi Pusu” serialı ilə bağlı araşdırma başlanıb
Keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada ölümü ilə bağlı yenidən başlanılan istintaq çərçivəsində “Kurtlar Vadisi Pusu” serialının araşdırılmasına qərar verilib.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Silivri Baş Prokurorluğunun açıqlamasında Kozinoğlunun 12 noyabr 2011-ci ildə həbsdə olduğu cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə bağlı istintaqın davam etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Baş Prokurorluğa daxil olan məlumatlar və istintaq materialları çərçivəsində aparılan araşdırmalar birlikdə qiymətləndirilib. Nəticədə “Kurtlar Vadisi Pusu” serialında “Kazım Kaşifoğlu” obrazının vətən xaini kimi göstərildikdən sonra öldürülməsi, bəzi səhnələrdə üzərində “FG” hərfləri olan avtomobil nömrələrindən istifadə edilməsi, eləcə də serialın müəyyən bölümlərində Fətullahçı Terror Təşkilatının (FETÖ) lehinə təbliğat, gizli mesaj, təşkilati göstəriş və ya yönləndirmə xarakterli məzmunların yer aldığı barədə iddiaların araşdırılmasına qərar verilib.
Bu iddiaların aydınlaşdırılması üçün sahə üzrə mütəxəssislərdən ibarət ekspert heyətinin yaradılacağı bildirilib. Açıqlamada ekspertiza araşdırmasının yalnız sözügedən iddialara aydınlıq gətirməyə yönəldiyi vurğulanaraq, istintaqın diqqətlə davam etdirildiyi qeyd olunub.
Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Akın Gürlek “NSosyal” hesabında 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq barədə açıqlama vermişdi.
Gürlek Kozinoğlunun Silivri 1 nömrəli L Tipli Qapalı Cəzaçəkmə Müəssisəsində saxlanıldığı vaxt 12 noyabr 2011-ci ildə səhhətinin pisləşdiyini və Silivri Dövlət Xəstəxanasına aparıldığını xatırladıb. Nazir bildirib ki, xəstəxanaya çatdırıldıqda onun vəfat etdiyi müəyyənləşdirilib.
Hadisədən sonra aparılan istintaq çərçivəsində kamera görüntüləri və tibbi sənədlər araşdırılıb, cəzaçəkmə müəssisəsinin, jandarmın və tibb işçilərinin, həmçinin kamera yoldaşlarının və mərhumun həyat yoldaşının ifadələri alınıb. 10 aprel 2012-ci ildə isə cinayət işi başlanmasına əsas olmadığı barədə qərar qəbul edilib.
Gürlek dosyenin Naməlum Cinayətlərin Araşdırılması İdarəsi tərəfindən yenidən araşdırıldığını bildirib.
Onun sözlərinə görə, Silivri Baş Prokurorluğunun qiymətləndirmələrindən sonra 26 avqust 2026-cı il tarixində Silivri Sülh Cəza Məhkəməsinin qərarı ilə təqibə xitam verilməsi barədə əvvəlki qərar ləğv edilib və istintaq yenidən başlanıb.
Yeni istintaq çərçivəsində məxfilik qərarı qəbul edilib, xüsusi istintaq qrupu yaradılıb və hadisənin bütün istiqamətləri ilə yenidən araşdırılması üçün genişmiqyaslı işə başlanılıb.
İstintaqın hazırkı mərhələsində hadisə vaxtı cəzaçəkmə müəssisəsində çalışan 11 şübhəli barəsində hüquqi prosedur başladılıb. Onlardan 10-u saxlanılıb, bir nəfərin isə FETÖ üzvü kimi xaricdə mühacir vəziyyətində olduğu müəyyən edilib.
Saxlanılan 10 şübhəlidən biri həbs edilib, 9 nəfər isə, o cümlədən 7 nəfər barəsində məhkəmə nəzarəti tədbiri tətbiq edilməklə, sərbəst buraxılıb.
İstintaq çərçivəsində daha 9 şübhəli də saxlanılıb. Onların arasında bir müxbir, bir operator və 7 tibb işçisi olub.
Polisdəki prosedurlar başa çatdıqdan sonra şübhəlilər məhkəməyə göndərilib. Prokurorluqda ifadələri alınan üç şübhəlinin, o cümlədən müxbirin həbs edilməsi, üç şübhəlinin, o cümlədən operatorun barəsində “xaricə çıxış qadağası” və “imza atmaq” şərtlərinin tətbiqi, digər üç nəfər barəsində isə “xaricə çıxış qadağası” formasında məhkəmə nəzarəti tədbirinin görülməsi tələb olunub.
Məhkəmə üç şübhəlinin, o cümlədən müxbirin həbsinə, operatorun da daxil olduğu 6 şübhəli barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiqinə qərar verib.
Beləliklə, istintaq çərçivəsində həbs olunanların sayı 4-ə, barəsində məhkəmə nəzarəti tədbiri tətbiq edilən şübhəlilərin sayı isə 13-ə çatıb.
Bundan başqa, Silivri Baş Prokurorluğunun tələbi əsasında Kozinoğlunun dəqiq ölüm səbəbinin və ölümündə üçüncü şəxslərin müdaxiləsinin olub-olmadığının müəyyənləşdirilməsi məqsədilə verilən qərar əsasında qəbirin açılması (ekshumasiya) həyata keçirilib.
İstintaq çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdenər və Cüneyt Aysan “məlumat sahibi” statusunda ifadə vermək üçün çağırılıblar. Ssenaristlər bununla bağlı məhkəmə binasına gedərək prokurorluqda ifadə veriblər.




