Almaniyada benzin qiymətlərini tarixi səviyyəyə çatdırıb



Yaxın Şərqdə artan gərginlik, qlobal tədarük narahatlıqları və neft emalı güclərinin məhdudlaşması Almaniyada yanacaq qiymətlərini ardıcıl olaraq yeni rekordlara çatdırır.

AFN.az xəbər verir ki, Almaniya Avtomobil Klubu (ADAC) tərəfindən açıqlanan son məlumatlara görə, ölkədə ən çox istifadə olunan Super E10 markalı benzinin bir litrinin qiyməti dünən ölkə üzrə orta hesabla 2,30 avroya yüksələrək bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Bazar ertəsi ilə müqayisədə 1,4 sent bahalaşan benzinin qiyməti ardıcıl dördüncü gündə də tarixi rekordunu yeniləyib.

Dizelin qiymətindəki artım da səngiməyib. Bir litr dizelin qiyməti əvvəlki günlə müqayisədə 1 sent artaraq 2,422 avroya çatıb. Bu göstərici apreldə qeydə alınan 2,447 avroluq tarixi rekorda yaxınlaşır.

Hər iki yanacaq növündə avqustun sonundan etibarən kəskin bahalaşma müşahidə olunur. Analitiklər bildirirlər ki, dizel normal şəraitdə daha aşağı vergiyə cəlb olunsa da, böhran dövrlərinə daha həssas olduğundan benzindən daha baha satılmaqda davam edir.

Son olaraq Səudiyyə Ərəbistanındakı mühüm boru kəmərinə PUA hücumları və Fars körfəzindəki geosiyasi gərginliklər neft bazarlarında qeyri-müəyyənliyi artıraraq Almaniyada yanacaq doldurma məntəqələrində qiymətlərə yüksəldici təzyiqi gücləndirib.

ABŞ ilə İran arasında qarşıdurmaların başlamasından əvvəlki son dövrlə müqayisədə Almaniyada Super E10 benzinin bir litri 52 sent, dizel isə təxminən 68 sent ucuz olub.

Bu isə 50 litrlik yanacaq çəninin benzinlə doldurulmasının 26 avro, dizellə doldurulmasının isə 34 avro daha baha başa gəlməsi deməkdir.

Yanacaq qiymətlərinin rekord həddə çatması Berlində hökumət koalisiyasının tərəfləri arasında da ciddi müzakirələrə səbəb olub.

Almaniyanın kansleri Fridrix Mers istehlakçıların yükünü azaltmaq məqsədilə mümkün vergi güzəştləri üzərində işlədiklərini açıqlayıb. Bununla yanaşı, Mers neft şirkətlərinə əlavə mənfəət vergisi tətbiq olunması ehtimalını qəti şəkildə rədd edib.

Hökumətin digər tərəfi olan Sosial Demokrat Partiyası (SPD) isə şirkətlərin əldə etdiyi fövqəladə mənfəətin birbaşa vətəndaşlara dəstək kimi yönəldilməsi üçün əlavə mənfəət vergisinin tətbiqində israr edir.

Bu çərçivədə Almaniyanın maliyyə naziri Lars Klinqbaylın neft şirkətlərinə əlavə mənfəət vergisi məsələsini cümə günü Avropa İttifaqı səviyyəsində keçiriləcək qeyri-rəsmi İqtisadiyyat və Maliyyə Nazirləri toplantısında gündəmə gətirməsi gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu