Avstraliya F-35 hissələrini səhvən Honq Konqa göndərib



Avstraliya ABŞ-a təmir üçün göndərilən F-35 qırıcı təyyarələrinin hissələrinin səhvən Honq Konqa yönləndirildiyini təsdiqləyib. 

AFN.az xəbər verir ki, Avstraliyanın müdafiə naziri Riçard Marls hadisə ilə bağlı ABŞ və Lokhid Martin şirkəti ilə əməkdaşlıq etdiklərini bildirib.

Müdafiə naziri Riçard Marls Adelaidada jurnalistlərə açıqlamasında bu barədə məlumatlandırıldıqlarını və araşdırmaya necə kömək edə biləcəklərini müəyyənləşdirmək üçün ABŞ və Lokhid Martin ilə birlikdə çalışdıqlarını deyib.

Politico ötən həftə məsələ ilə tanış üç mənbəyə istinadən yazıb ki, təmir üçün ABŞ-a göndərilən F-35 hissələri bu ilin yayında Avstraliyadan tranzit keçidi zamanı başqa marşruta yönləndirilib.

Məlumata görə, hissələr F-35 təyyarələrinin istehsalçısı Lokhid Martin adından fəaliyyət göstərən vasitəçi tərəfindən daşınıb. Yükün hansı səbəbdən marşrutunun dəyişdirildiyi və Çin ərazisində xüsusi inzibati rayon statusuna malik Honq Konqa necə çatdığı hələlik məlum deyil.

Pentaqon isə bəzi komponentlərin itkin düşdüyünü təsdiqləyib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü CNN-ə açıqlamasında Pentaqonun F-35 Birgə Proqram Ofisinin istifadəyə yararsız F-35 Lightning II komponentləri ilə bağlı yükdaşıma problemindən xəbərdar olduğunu bildirib.

Beşinci nəsil F-35 Lightning II təyyarəsi dünyanın ən inkişaf etmiş döyüş təyyarələrindən biri hesab olunur. Lokhid Martin bu təyyarəni yüksək zərbə gücünə, sağqalma qabiliyyətinə və şəbəkə imkanlarına malik döyüş təyyarəsi kimi təqdim edir.

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, ABŞ rəsmiləri və sənaye tərəfdaşları ilə birlikdə komponentlərin geri qaytarılması, hadisənin araşdırılması və gələcəkdə belə halların təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində iş aparılır.

Marls çərşənbə axşamı verdiyi açıqlamada itkin yükdə hər hansı həssas hissənin olduğunu düşünmədiyini deyib. O, Avstraliya tərəfinin məsələ ilə bağlı bütün prosesləri ətraflı araşdırdığını və proqramda iştirak formalarına əmin olduqlarını vurğulayıb.

Marls əlavə edib ki, məsələnin son nəticədə ABŞ-ın, eləcə də əsas podratçı və qlobal təchizat zəncirinin idarə edilməsinə cavabdeh olan Lokhid Martin şirkətinin məsuliyyətində olduğunu bildirib.

Lokhid Martin açıqlamasında təhlükəsizlik səbəbindən yüklərin vəziyyəti barədə məlumat verə bilməyəcəyini, lakin ABŞ Müdafiə Nazirliyi və Müdafiə Logistika Agentliyinin müəyyən etdiyi qaydalara əməl etdiyini bildirib.

Şirkət həmçinin F-35 proqramının bütövlüyünü və müttəfiq tərəfdaşların təhlükəsizliyini təmin etmək üçün hər bir yükdaşımanın ən yüksək diqqət və təhlükəsizlik tədbirləri ilə həyata keçirildiyini qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu