Naurocki: Rusiyaya qarşı birgə və qətiyyətli cavab verilməlidir
Polşa Prezidenti Karol Naurocki Rusiyanın təcavüzünə qətiyyətli, ardıcıl və birgə cavab verilməsinin vacibliyini bildirib.
AFN.az xəbər verir ki, Polşa Prezident Administrasiyasının yaydığı açıqlamaya görə, Naurocki ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.
Naurocki Rusiyanın qonşu ölkəni ələ keçirməyə və bütün regionu sabitsizləşdirməyə çalışmasının BMT Nizamnaməsini imzalayan ölkələrin qəbul etdiyi prinsiplərlə ziddiyyət təşkil etdiyini bildirib.
O, Rusiyanın açıq təcavüz, hibrid əməliyyatlar, sabotaj və digər dağıdıcı fəaliyyətlər vasitəsilə Avropadakı vəziyyəti sabitsizləşdirdiyini deyib.
Polşa Prezidenti Rusiyanın keçmişdə böyük iztirablara və iki dünya müharibəsinin faciələrinə səbəb olmuş imperiya yanaşmasını nümayiş etdirdiyini iddia edib.
Polşanın Rusiya ilə qonşu ölkə kimi qarşıdurma axtarmadığını vurğulayan Naurocki ölkəsinin ittifaqlarını gücləndirdiyini, ordusunu inkişaf etdirdiyini və hərbi texnikasını modernləşdirdiyini bildirib. O, bu addımların müharibə aparmaq üçün deyil, müharibənin qarşısını almaq məqsədi daşıdığını qeyd edib.
Naurockinin sözlərinə görə, Rusiyanın sabotaj, kiberhücumlar və sabitsizləşdirmə əməliyyatlarını əhatə edən genişmiqyaslı hibrid müharibəsi dövlətləri zəiflətməyə, cəmiyyətin etimadını sarsıtmağa və beynəlxalq birliyi pozmağa yönəlib.
Polşa Prezidenti bu fəaliyyətlərin ayrı-ayrı hadisələr olmadığını, davamlı və planlı strategiyanın tərkib hissəsi olduğunu bildirib. O, beynəlxalq ictimaiyyətin cavabının qətiyyətli, ardıcıl və birgə olmasının vacibliyini vurğulayıb.
Naurocki Polşanın NATO-nu Avropanın təhlükəsizliyinin təminatçısı kimi görməkdə davam etdiyini qeyd edib.
Naurocki İsrail və Fələstinin sülh şəraitində birgə mövcudluğunu təmin edəcək iki dövlətli həllin həyata keçirilməsi üçün çalışacaqlarını bildirib.
Polşa Prezidenti ölkəsinin G20 qrupunun fəaliyyətində daimi iştirak etməyi və bu formatda Mərkəzi Avropanın səsi olmağı hədəflədiyini deyib. O, ABŞ-ın dövrü sədrliyi çərçivəsində Polşanı builki G20 işinə dəvət etdiyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Naurocki demoqrafik böhranın dünyadakı mühüm struktur problemlərindən biri olduğunu, yaşlanan cəmiyyətlərin və doğum səviyyəsinin azalmasının dövlətlərin əsaslarını zəiflətdiyini bildirib. Onun sözlərinə görə, həll yolları ailənin qorunmasını və valideynliyin cəmiyyətdə əhəmiyyətinin gücləndirilməsini də əhatə etməlidir.
Çıxışında süni intellektə də toxunan Naurocki texnologiyanın insanlara xidmət etməli olduğunu, süni intellektdən sabitsizləşdirmə, manipulyasiya və beynəlxalq nizamı zəiflətmək vasitəsi kimi istifadə edilməməli olduğunu deyib.
Polşa Prezidenti dünyanın dəyişdiyini və BMT-nin də dəyişməli olduğunu vurğulayıb. O, beynəlxalq hüququn pozulmasına cavab verə bilən, qaydaları tətbiq edən və cəzasızlığa imkan verməyən təşkilata ehtiyac olduğunu bildirib.
