ABŞ senatorundan Pentaqona təchizat zəncirlərinə yenidən baxılması çağırışı



ABŞ senatoru Kotton Pentaqonu hərbi təchizat zəncirlərinin təhlükəsizliyini araşdırmağa çağırıb.

ABŞ-da Respublikaçı senator Tom Kotton hərbi avadanlıqların daşındığı kommersiya təchizat zəncirlərinin təhlükəsizliyinin yenidən nəzərdən keçirilməsinə çağırıb.

Senator Kotton Avstraliyadan ABŞ-a göndərilən F-35 döyüş təyyarələrinin hissələrinin Honq Konqa yönləndirildiyi barədə xəbərlərin ardından ABŞ müdafiə naziri Pit Heqsetə yazdığı məktubda hərbi avadanlıq və materialların kommersiya daşımaları şəbəkələri vasitəsilə göndərilməsinin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib.

Kotton Çin rəsmilərinin hissələri təhvil aldığını və hələ də geri qaytarmadığını bildirib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hərbi avadanlıqların, ehtiyat hissələrinin və digər materialların dünya üzrə daşınmasında podratçılardan və kommersiya daşıyıcılarından geniş şəkildə istifadə etdiyinə diqqət çəkən Kotton bu üsulun daşınmalarda rahatlıq və sürət təmin etdiyini, lakin bunun hərbi üstünlüyün qorunması hesabına olmamalı olduğunu qeyd edib.

Kotton “Kommersiya daşımalarındakı təhlükəsizlik boşluqları səbəbindən ABŞ hərbi avadanlıqlarının xarici düşmənin əlinə keçməsinə imkan verə bilmərik” ifadəsini işlədib.

Kotton Pentaqondan podratçılar və kommersiya daşıyıcıları tərəfindən həyata keçirilən hərbi daşımalarla bağlı təhvilvermə və nəzarət zəncirinə dair qaydaların, eləcə də daşımaların və onların izlədiyi marşrutların izlənilməsi imkanlarının nəzərdən keçirilməsini istəyib, daşınma prosesindəki dəyişikliklərin təsdiqlənməsi və bildirilməsi ilə bağlı prosedurların araşdırılmasına çağırıb.

Kotton hərbi materialların xarici ölkələrin yurisdiksiyalarından keçməsinə icazə verilməsi zamanı istifadə olunan meyarların qiymətləndirilməsini tələb edib.

Hərbi avadanlıqların xarici ölkələrə ABŞ-ın silah sistemləri, logistika imkanları və hərbi hazırlığı haqqında məlumat verə biləcəyini bildirən Kotton həssas və məxfi hissələrin daha ciddi qorunmalı olduğunu vurğulayıb.

“Politico”nun sentyabrın 18-də yayımladığı xəbərdə aralarında radara qarşı dayanıqlı texnologiyaya malik kabinə örtüyünün də olduğu F-35 hissələrindən ibarət yükün ilin əvvəlində Avstraliyadan yola düşdükdən sonra gözlənilmədən Honq Konqa göndərildiyi iddia edilmişdi.

Xəbərdə hissələrin ABŞ-a göndərilməli olduğu halda “Lockheed Martin”in daşınmanı üçüncü şirkət vasitəsilə həyata keçirdiyi bildirilmişdi.

Yükün necə və nə üçün Honq Konqa yönləndirildiyi hələ də dəqiqləşməsə də, “Politico”ya danışan mənbələr hadisədən sonra ABŞ Konqresinin döyüş təyyarəsi sisteminin kritik komponentlərinin Çinin əlinə keçmiş ola biləcəyi şübhəsi ilə araşdırmaya başladığını iddia etmişdi.

Avstraliyanın müdafiə naziri Riçard Marls sentyabrın 22-də ABŞ-a məxsus F-35 döyüş təyyarələrinin bəzi hissələrinin səhvən Çinin Honq Konq Xüsusi İnzibati Regionuna göndərildiyini və bu məsələ ilə bağlı ABŞ-la birlikdə araşdırma apardıqlarını açıqlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu