Orenburqun azərbaycanlı idmançısı- FOTOLAR




Xarici ölkələrdə xalqımıza başucalığı gətirən qeyrətli oğullar az deyil. Onların hər biri hörmətə, ehtirama layiqdir. Bu gün sizə onlardan biri, 25 yaşlı Qabil Məmmədovdan söhbət açmaq istəyirəm. O, 1994-cü ildə Rusiyanın Orenburq şəhərində dünyaya gəlib. 2011-ci ildə orta məktəbi bitirərək Orenburq Dövlət Universitetinə qəbul olunub. 2016-cı ildə oranı mühəndis kimi başa vurub. 2016-2018-ci illərdə həmin universitetin magistraturasında oxuyaraq biznesin idarə olunması ixtisasına yiyələnib(MBA). Hazırda aspiranturaya hazırlaşır…



…Atası Habil Məmmədov Orenburqda polis işləyirmiş. 2000-ci ildə məzuniyyət götürərək ata-baba yurdu Naftalana gedir ki, 6 yaşlı oğlu Qabilə kiçik toy eləsin. Dəvətnamə paylanılır, hazırlıq görülür, çadır qurulur, toya bir gün qalanda Habil insult keçirərək dünyasını dəyişir. O vaxtdan Qabil və bacısı Əskinaz atasız, anası Könül xanımın himayəsində böyüyürlər…

10 yaşından idmanın boks növü ilə məşğul olur. İlk uğuru 2009-cu ildə 14-15 yaşlılar arasında keçirilən Rusiya boks çempionatında gümüş medalı qazanmaqla əldə edir. Sonradan 2011-ci ildə Rusiya çempionu olur. Həmin il Avropa çempionatında ikinci yerə çıxır. Beləliklə illər keçdikcə bir sıra nailiyyətlərə imza atır. Rusiya boks çempionatlarında, müəyyən yaş kateqoriyaları üzrə dəfələrlə II, III yerlərə qalxır. İki dəfə Rusiya çempionu adına layiq görülür. Hazırda Soçi şəhərində Almaniyada keçiriləcək boks turnirinə hazırlıq məşqlərində iştirak edir…

Orenburq şəhərindən idman üzrə son 42 ildə heç kim onun qazandığı uğurlara nail ola bilməyib. Ona görə də Qabilin şəkilini böyüdərək şəhərin müxtəlif yerlərində nümayiş etdirirlər. Sizə zarafat gəlməsin, azərbaycanlı balasının şəkilləri görün nə qədər düşmənimizin gözünə ox kimi batır…

Qeyrətli oğuldur, deyir ki,- "Atam vəfat edəndən sonra, anam uşaq bağçasında, çörək sexində işləyərək bizi böyüdüb. Bilirəm ki, çox əziyyətlər çəkib. Əlim çörəyə çatan kimi onu işdən çıxartdım, qoymadım işə getsin. Sevinirəm ki, evi dolandıra bilirəm. Bir bacım var, o da azərbaycanlı ilə ailə qurub, Orenburqda yaşayırlar"…

Azərbaycanı canından əziz bilir. Rusiyada doğulub böyüsə də azərbaycan dilində təmiz danışır, milli kimliyini itirməyib. Vaxt tapan kimi ata-baba yurduna, doğmalarını ziyarət etməyə gedir…

Danışdıqca bu güclü, amma mehriban, təvazökar gəncin davranışını diqqətlə müşahidə edirdim. Sevinirdim ki, xalqımın belə qeyrətli gəncləri var və idmanla yanaşı təhsildə də uğur qazanmağı bacarırlar. İdman bədəndə sağlam ruh deməkdirsə, təhsil zəkada, idrakda sağlam düşüncə deməkdir.
Bəli, gəncliyi hər tərəfli sağlam olan xalqın gələcəyi parlaq olur…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu