“Azərişıq” 9 yaşlı Zəhranın əməliyyatına pul ödəməkdən imtina edib - FOTOLAR




“Azərişıq” söz versə də, yanan uşağın əməliyyat xərcini ödəmir. İndi həkimlər pulu Zəhranın nənəsindən tələb edir, onun isə buna maddi imkanı çatmır”.



Bunu jurnalist Esmira Cavadova tranformatorda yanan 9 yaşlı qızla bağlı AFN-ə açıqlama verərkən deyib. O, bildirib ki, bir qolu tamam kəsilən Zəhranın ayağını da itirmək təhlükəsi var: “Ayağı da ağır vəziyyətdədir. Əgər qanqrena baş verərsə, o da kəsilməli olacaq. Uşağın anası vəfat edib, atası isə həbsdədir. Zəhraya qoca nənəsi baxır. Qızı 5 nömrəli Şəhər Klinik Xəstəxanasının (ŞKX) Yanıq şöbəsi yerləşdirən zaman “Azərişıq” ASC-nin nümayəndəsi nənəyə bildirib ki, əməliyyat xərcini qurum öz üzərinə götürəcək. Lakin indi verdikləri sözə əməl etmirlər. Nənənin də ödəniş etməyə imkanı yoxdur”.

Z.Əliyevanın hazırkı durumunu öyrənmək üçün 5 nömrəli ŞKX-nın Yanıq şöbəsi ilə əlaqə saxladıq. Şöbədən AFN-ə bildirildi ki, uşaq reanimasiyadadır: “Vəziyyəti ağırdır. Ayağının kəsilib-kəsilməməsi ilə bağlı məlumat verə bilmərik. Zəhra Əliyevanın əməliyyatına görə pul tələb olunmur, bura dövlət xəstəxanasıdır”.

Məsələ ilə əlaqədar “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz cavabsız qaldı. İddiaya dair qurumun da mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, 9 yaşlı Zəhra Əliyeva qapısı açıq olan 6 min kV gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsinə daxil olaraq, ağır bədən xəsarəti alıb.Hadisə Nizami rayonu Babək prospektində baş verib.

Könül CƏFƏRLİ





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu