"Düdelanj"la matç avrokuboklarda son oyunum ola bilər" - Rəşad Sadıqov
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqası qrup mərhələsinin 5-ci turunda "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra İspaniyaya ezam olunmuş jurnalistlərə müsahibə verib.
- Əslində, oyun istədiyimiz kimi gedirdi. Bilirdik ki, “Sevilya” hücum futbolu oynayacaq. Biz də çalışırdıq ki, maksimum şəkildə onların hücumlarının qarşısını alaq və fürsət düşəndə irəli çıxaq. İlk hissəni səhvsiz tamamladıq. Fasilədə inanmışdıq ki, İspaniyadan xal və ya xallarla ayrıla bilərik. İkinci hissənin əvvəlində “rekaşet”dən qol buraxdıq. Bizim üçün gözlənilməz oldu. Həmin dəqiqəyə kimi ciddi təhlükə yaranmamışdı. Munes Dabburun cərimə meydançasının xəttindən zərbəsi var idi. Qapımızda başqa ciddi epizod yaranmadı. Ondan sonra məcbur olduq ki, açıq futbol oynayaq. Uşaqlar özlərində güc tapıb, irəli atıldılar. Bəzi dəyişikliklərlə oyunu canlandırdılar. Qapıya bir neçə zərbəmiz oldu, künc zərbələri yerinə yetirdik. Hücum etməyə, bacardığımızı reallaşdırmağa çalışdıq, amma hesabı bərabərləşdirə bilmədik.