Bələdiyyədə şəffaflığı və hesabatlılığı təmin edəcəm - namizəd söz verdi




Astara rayonunun Hamoşam kənd bələdiyyəsinə namizədliyini verən ictimai fəal Rüfət Əliyev seçicilərinə növbəti müraciətini ünvanlayıb. AFN xəbər verir ki, namizəd bələdiyyəyə seçiləcəyi təqdirdə qurumun şəffaf olacağını qeyd edib.



"Birmənalı olaraq, bələdiyyənin bütün iclasları sizə açıq olacaq" deyən R.Əliyev qeyd edib ki, bələdiyyənin gəlirləri və xərcləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, hər altı aydan bir hesabat veriləcək: "Eyni zamanda, bu hesabat bələdiyyənin rəsmi səhifəsində dərc olunacaq. Yəni hesabatın əlçatanlığı təmin olunacaq. Siz ilin, günün istənilən vaxtında bələdiyyənin rəsmi səhifəsinə girib, gəlirləri, xərcləri fəaliyyət proqramları ilə tanış ola bilərsiniz. Eyni zamanda bu hesabatlar, çap olunub, kəndin görməli yerlərində yapışdırılacaq.

Bələdiyyənin xərcləri ilə bağlı qərarları sizinlə ilkin razılaşdırmadan sonra sizin etimad göstərib, seçəcəyiniz 9 nəfər bələdiyyə üzvü birlikdə verəcək. Sədr yalnız icra funksiyasını yerinə yetirəcək.

Əgər hesabatlar arası dövrdə bələdiyyənin fəaliyyəti, gəlir və xərcləri barədə hər hansı bir şübhələriniz olacaqsa, bunun üçün hesabatı gözləməli olmayacaqsız. İstənilən an sorğulaya, təftiş edə bilərsiz. Sizin sorğularınıza dərhal cavab veriləcək, fəaliyyətimizdə nöqsan olacaqsa, dərhal düzəldəcəyik.
Mən sorgulanmanı boğmaram, tənqidə güzgü kimi yanaşaram. Necə mən bu gün hakimiyyətin bütün qullarını tənqid edib, sorğulayıramsa, eyni qaydada siz də mənim olduğum bələdiyyə hakimiyyətini tənqid edə, sorğulaya bilərsiz. Tənqid, inkişafa aparan ən mütərəqqi yollardan biridir. Yetər ki, ona sağlam yanaşıb, sağlam nəticə çıxara biləsən. Şəffaflığı da, hesabatlığı da, bələdiyyə hakimiyyətinin hər bir vətəndaşın hakimiyyəti olduğunun nümunəsini də, demokratiyanı da biz birlikdə yaradıb, bütün ölkə üçün mayak rolunu oynayarıq, örnəkləri verərik. Biz birlikdə bütün bunları bacaracağıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu