Ən gərgin dairənin sədri xəstəxanalıq oldu - İddialara görə İqbal Ağazadədən rüşvət alıb
35 saylı Xətai 3-cü Seçki Dairəsinin rəhbəri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib.
Vətəninfo.az saytının məlumatına görə, buna rəsmi səbəb kimi, onun səhhətinin pisləşməsi göstərilir. Lakin saytımız məlumat alıb ki, əsil səbəblər başqadır.
İmran Hüseynəliyev 11 ildir DSK sədridir və deputatlığa namizəd İqbal Ağazadə ilə yaxın münasibətlərə malikdir. Hər seçkidə ondan və qardaşı, iş adamı İlqar Ağazadədən yüksək miqdarda rüşvət alaraq, əvəzində seçkilərdə Ağazadələrin xüsusi maraqlarını təmin edir, onlara karusel əməliyyatları və başqa saxtakarlıqlar həyata keçirtməyə imkan yaradır. Ehtimal olunur ki, bu dəfə də belə olub və İmran Hüseynəliyev hər seçkidə olduğu kimi, bu dəfə də Ağazadələrlə sövdələşib. Sadəcə, bu məxfi proses bu dəfə aşkara çıxıb. Buna görə də İmran Hüseynəliyev vəzifəsindən getmək məcburiyyətində qalıb.
Əlavə məlumat veriləcək.
***
Xətai rayonu 35-ci seçki dairəsinin sədri İmran Hüseynəliyevin səhhətində ciddi problem yaranıb.
AFN BakuPost-a istinadən xəbər verir ki, dünən iş yerində qəfildən səhhəti pisləşən İmran Hüseynəliyev təcili yardımla xəstəxanaya aparılıb.
Hazırda dövlət xəstanalarının birində müalicə alan dairə sədrinin ürəyində ciddi problemlərin olduğu bildirilir.
Yaxınlarının sözlərinə görə, o, müalicə üçün sabah İrana aparılacaq. Məlumatı DSK-dan təsdiqləyiblər.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində 35–ci seçki dairəsi ən gərgin dairə hesab olunur. Həmin dairədən Ümid Partiyasının sədri İqbal Ağazadə ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu mübarizə aparır.