Vüqar Bayramov İmişlidə məskunlaşmış məcburi köçkünləri ziyarət edib - FOTOLAR
84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov və vəkilləri - Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Şəfa Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosentləri Əlirza Məmmədov, İlqar Xəlilov və Yusif İbrahimov - İmişli rayonunda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünləri ziyarət edib.
Deputatlığa namizədin vəkilləri onun haqqında seçicilərə məlumat verib, Vüqar Bayramovun üstün keyfiyyətləri barədə danışıblar. Professor Şəfa Əliyev Vüqar Bayramovu çoxdan tanıdığını, onun ziyalı ailəsində böyüdüyünü, vicdanlı, təmiz, Vətənini sevən və yüksək təhsil görmüş bir alim olduğunu vurğulayıb: “Vüqar müəllim öz biliyini, təcrübəsini xalqının daha yaxşı yaşaması yolunda sərf edir. Proqramlar və mexanizmlər hazırlayır, xüsusilə əhalinin, o cümlədən həssas sosial qrup olan məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər həyata keçirir. Siz Vüqar müəllimi seçsəniz, o sizin səsiniz olacaq, daim yanınızda omaqla, sizi maraqlandıran məsələləri öyrənib parlamentdə qaldıracaq.”
Dosent Əlirza Məmmədov bu günədək heç bir deputatlığa namizədə vəkillik etmədiyini, Vüqar Bayramovun bir istisna təşkil etdiyini deyib: “Vüqar Bayramovun Füzuli camaatını parlamentdə daha layiqli şəkildə təmsil edəcəyinə inandığım üçün bu kampaniyaya qoşulmuşam. Çünki Vüqar müəllimlə həmkarıq, onu yaxından tanıyıram, necə saf, Vətənini sevən və istedadlı bir iqtisadçı olduğunu bilirəm.”
Deputatlığa namizədin digər vəkilləri də onun haqqında fikirlərini bildirib və seçiciləri 9 fevralda Vüqar Bayramova səs verməyə çağırıb.
Tədbirin sonunda Vüqar Bayramov görəcəyi işlərlə bağlı geniş çıxış edib və seçiciləri dinləyib.