Kukla Teatrı “Sənə nağıl danışım” adlı müsabiqəyə start verir
Dünyanı cənginə alan koronavirus pandemiyasının respublikamızın ərazisində daha geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən sosial təcrid layihələrinə özünəməxsus töhfələr verməyə çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti aksiya ilə balacaları yenidən öz ətrafına toplayacaq.
Teatrın mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Kulis. Az saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqəyə start verir.
Uşaqların evdəki vaxtlarını səmərəli keçirmələri, yaradıcılıq potensiallarını sərbəst nümayiş etdirmələri və onların ümumilikdə epidemiya, ondan qorunmaq üsulları ilə bağlı bilgilərini müəyyənləşdirmək məqsədilə təşkil olunan müsabiqə aprelin 10-dan 30-dək davam edəcək. 7-13 yaş arası uşaqlar arasında baş tutacaq müsabiqəyə təqdim olunacaq nağılları yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyəti dəyərləndirəcək.
Onu da qeyd edək ki, ümumilikdə 10 nağıl müəllifi seçiləcək ki, onlardan da ilk iki yerin sahibi münsiflər heyəti, 3-cü qalibi isə onlayn (nağıllar Kulis.az saytında yerləşdiriləcək) səsvermənin nəticəsi təyin edəcək. Qalan 7 nəfər balaca nağılçıya isə müsabiqədə iştirak diplomları təqdim olunacaq.
İlk üçlükdə yer alan nağıllar birləşdirilməklə onların əsasında tamaşa da hazırlanacaq. Belə ki, “Oyuq” teatr-studiyasının həvəskar aktyorları və teatrın peşəkar aktyor truppasının iştirakı ilə ərsəyə gələcək bu tamaşa karantin müddəti bitdikdən sonra səhnələşdirilməklə teatr mövsümünün sonunadək teatrsevərlərin ixtiyarına veriləcək. Premyera günü qaliblərin mükafatlandırılması mərasimi də baş tutacaq.
Müsabiqədə iştirak etmək istəyən balaca dostlarımıza nağıllarını info@kuklateatri.az ünvanına qısa tərcümeyi-hallarını əlaqə nömrələri də qeyd olunmaqla göndərməyi və evdə qalmaqla sağlamlıqlarını qorumağı tövsiyə edirik.