Ağdamdan Şuşaya nə vaxt gedə biləcəyik? - ŞƏRH


"Azərbaycan ərazisində bütün yollar açıq olmalıdır. Azərbaycan vətəndaşı Ağdamdan öz maşını ilə Əsgəran və Xocalı rayonlarını keçərək, Xankəndiyə, yəni ermənilərin kompakt yaşadığı əraziyə rahat şəkildə getməlidir. Bu belə də olmalıdır. Bəyanatda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı deyilənlərin əsas məğzi də bununla bağlıdır”.



Bu fikirləri politoloq Ramil Məmmədli Moskva görüşündə qəbul olunan üçtərəfli bəyanatı Qaynarinfo-ya şərh edərkən deyib.

Ekspertin fikrincə, bəyanatda yolların adları ayrı-ayrılıqda bildirməməsinə baxmayaraq, Qarabağda bütün yollar ümumi istifadə üçün açıq olacaq:
"Ermənilər bu prosesə hədsiz narahatlıqla yanaşırlar. Bu narahatlığın səbəbi odur ki, onlar Qarabağı itirməyi qəbul edə bilmirlər. Yəni, məğlub olduqlarını etiraf etmək istəmirlər. Paşinyanın brifinqdə yenə də separatçı və reallığa uyğun olmayan fikirlər bildirməsi bununla bağlı idi. Qarabağın statusundan dəm vururdu və s. Reallıq isə başqa məsələləri diqtə edir və reallıq odur ki, münaqişə bitib. Qarabağ ərazisindəki bütün yollar artıq açıq olmalıdır”.

Politoloq Xaqani Cəfərli isə hesab edir ki, Qarabağda olan mövcud problemlər həll olunduqdan sonra nəqliyyat əlaqələri bərpa olunacaq: "Münaqişə bölgəsində təhlükəsizlik məsələlərinin həlli bir qədər zaman alacaq. Ona görə də hələlik yollardan təhlükəsiz və rahat istifadə etmək mümkün deyil. Bununla belə Azərbaycan mümkün olan riskləri nəzərə alaraq alternativ nəqliyyat infrastrukturu qurmağa başlayıb ki, bu yollardan asılı vəziyyətdə qalmasın”.

Qeyd edək ki, millət vəkili Aqil Abbas bir neçə gün əvvəl Qarabağdakı yollardan Azərbaycan tərəfininin istifadə edə bilməməsinə görə Rusiya sülhməramlılarını sərt tənqid etmişdi: "Gorusdan Əsgərana təxminən 90-100 kilometrdi. Sülhməramlılar ermənilərin İrəvandan Xankəndiyə, Əsgərana, Ağdərəyə, Martuniyə oynaya-oynaya gəlib-getmələri üçün təhlükəsizliyi təmin ediblər və artıq ermənilər İrəvandan Əsgərana olan yolu su yoluna döndəriblər. Etirazımız yoxdu. Amma Ağdamdan Şuşaya 37 kilometr, Laçına isə 73 kilometrdi. Özü də rahat yoldu. Və yaxud Tərtərdən Kəlbəcərə Ağdərə yolu ilə təxminən 80 kilometrdi, özü də rahat yoldu. Biz niyə Kəlbəcərə Toğanadan keçməklə Murovun o çətin və ağır yolları ilə gedib-gəlməliyik? Niyə sülhməramlılar ermənilərin təhlükəsizliyinə təminat verdikləri kimi, bizim də öz torpağımızda sərbəst hərəkət etməyimiz üçün təminat vermirlər? Çətin sualdı, amma cavabı və həlli o qədər də çətin deyil”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu