Dünyanın 10 zəngini bir gündə xeyli ziyana düşüb


Dünyanın on zəngini birjalardakı bir günlük hərraclar nəticəsində bütövlükdə 23,5 milyard ABŞ dollarına yaxın ziyana uğrayıblar.

“Report” xəbər verir ki, “Forbes Real Time”-a görə ən böyük zərərə məruz qalan “Tesla” və “Space X” şirkətlərinin sahibi İlon Maskın (Elon Musk) sərvəti 9,9 milyard dollar azalaraq 162,1 milyardadək geriləyib və bununla da o, “Forbes” reytinqində üçüncü pilləyə enib. Əvəzində vur-tut 525 milyon dollar itirərək varidatı 162,6 milyard dollara geriləyən “Louis Vutton” geyim şəbəkəsinin sahibi, Avropanın ən zəngin sakini Bernar Arno (Bernard Arnault) ikinci yerə qalxıb.

Birinci yerdəki mövqeyini qoruyub saxlamış “Amazon” alış-veriş portalının sahibi Cef Bezos (Jeff Bezos) 5,7 milyard dollarlıq zərərə uğrayaraq 178,1 milyard dollarlıq sərvətlə qalıb. Reytinqin dördüncü pilləsində olan “Microsoft”un sahibi Bill Qeyts (Bill Gates) 287 milyon dollar, “Facebook”un rəhbəri Mark Zukerberq (Mark Zuckerberg) də 1,9 milyard dollar ziyana düşüb.

Yalnız reytinqin 6-cı pilləsində olan sərmayədar Uorren Baffet (Warren Buffett) ötən gün nəinki ziyansız ötüşə bilib, hətta sərvətini 505 milyon dollar artırıb da.

“Bloomberg Billionaries İndex” (BBİ) versiyasına görə isə 10 zənginin məcmu varidatı çərşənbə axşamı 26,5 milyard dollar azalıb. O cümlədən İ.Mask 11,1 milyard dollar ziyana uğrasa da, C.Bezosdan sonra ikinci yerdə qaldığı halda sonrakı yerlərdə ardıcıl olaraq B.Qeyts, B.Arno, M.Zukerberq qərarlaşıb.

Qeyd edək ki, çərşənbə axşamı ABŞ fond birjalarında indekslərin xeyli azalması ilə yadda qalıb. O cümlədən Nasdaq 3 faiz, həmçinin “Tesla”nın səhmləri 6,9 faiz geriləyib. Bunun mühüm amili inflyasiya gözləntilərinin təsirilə dövlət istiqrazlarının bahalaşması, habelə işsizlik müavinəti üçün ilkin ərizə sayının gözlənilməyən artımıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu