Avropa çempionatı: İki güləşçimiz finala yüksəldi


Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.


İlk yarış günündə 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxıb.

Azərbaycan təmsilçilərindən Əliabbas Rzazadə (57 kq) ilk mərhələni güləşmədən adlayıb. Buna səbəb yerli güləşçinin xalçaya çıxmaması olub. 1/4 finalda Türkiyə idmançısını vaxtından əvvəl üstələyən Rzazadə yarımfinala yüksəlib. O, daha sonra 2019-cu ildə Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalının italiyalı qalibi Simyone Piroddunu darmadağın edərək finala vəsiqə qazanıb.

Cəbrayıl Hacıyev (70 kq) Avropa çempionatına Gürcüstan pəhləvanı üzərindəki qələbə ilə start verib. İsveçrə təmsilçisinə də heç bir şans tanımayan Hacıyev adını yarımfinala yazdırıb. Rusiya güləşçisi İnalbek Şeriyevlə görüş olduqca gərgin mübarizə şəraitində keçib. Yekunda minimal hesabla qalib gələn azərbaycanlı pəhləvan finala adlayıb.

Zirəddin Bayramov (65 kq) ilk görüşdə rusiyalı Abdulməcid Kudiyevə uduzub. Rəqib finala yüksəldiyi üçün Bayramov mayın 18-də təsəlliverici görüşə çıxacaq.

İslam İlyasov (97 kq) da debütdə Rusiya güləşçisinə məğlub olub.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və final qarşılaşmaları mayın 18-də keçiriləcək. Təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, medallar uğrunda mübarizə isə 20:00-da start götürəcək.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu