Uşaqlara əzab verən ögey anaya cinayət işi başlandı
Gəncə şəhərində uşaqlarına əzab verən ögey ana barəsində cinayət işi başlanıb.
Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayıb:
"Gəncə şəhər sakinləri 2009-cu il təvəllüdlü Əli və 2010-cu il təvəlüdlü Nigar Hüseynovanın (ad və soyad şərtidir) ögey anaları tərəfindən mütəmadi olaraq döyülmələri və onlara əzab verilməsi ilə bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Müəyyən olunub ki, azyaşlıların anasının ölümündən sonra ataları Zahid Hüseynovun (ad və soyad şərtidir) birlikdə yaşadığı Gəncə şəhər sakini Könül Vəliyeva (ad və soyad şərtidir) döyməklə və sair zorakı hərəkətlərlə azyaşlılara güclü fiziki ağrı və psixi iztirablar verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 133.2.1 (əzab vermə - iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.
İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahid dairəsinin müəyyənləşdirilməklə dindirilməsi həyata keçirilib.
Eyni zamanda, azyaşlıların prokurorluq orqanlarına müraciəti əsasında, onların sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Bundan başqa, uşaqların doğma atası Zahid Hüseynovun (ad və soyad şərtidir) qeyd edilənlərdən məlumatlı olduğu, hadisələrin bir sıra hallarda onun gözü qarşısında baş verməsi, bununla da, Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini həyata keçirmədiyi, uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına laqeyd yanaşması aşkar edildiyindən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qarşısında iddia qaldırılıb".