67 saylı məktəbdə valideynlərdən yığılan vəsaitlər geri qaytarılır


Sabunçu rayonunda yerləşən 67 saylı orta məktəbin 3b sinfində valideynlərdən qanunsuz yolla yığılan vəsaitlər geri qaytarılıb.


Bu barədə jurnalist Həbibə Abdulla bildirib. Qeyd edilən sinifdə təhsil alan təxminən 20 nəfər valideyndən qanunsuz yolla, nağd qaydada Valideyn-Müəllim Assosiasiyasına pul yığılıb: "Bununla bağlı məsələ tərəfimdən ictimailəşdirildikdən sonra isə Bakı Şəhər Təhsil İdarəsinin Daxili nəzarət şöbəsinin əməkdaşları Nazim Bağırov və Bakir Məmmədovun iştirakı ilə sinif valideynlərinin iclası keçirildi. İclasda valideynlərin demək olar ki, hamısı VMA-ya pul yığılmasının əleyhinə olduqlarını dedilər. Yalnız 1 nəfər valideyn buna etiraz etmədiyini bildirdi, o da məktəb direktorunun müavininin qızıdır, həmçinin məktəbdə müəllimə işləyir. O özü də bildirdi ki, öz sinfində VMA-ya pul yığılmır. Bütün bunlara baxmayaraq, Təhsil İdarəsinin əməkdaşları ictimaiyyətə yanlış məlumat verərək bildirdilər ki, guya 10 nəfər valideyn heç vaxt VMA-ya pul verməyib, digərləri isə bu prosesə etiraz etmirlər. Lakin dünən mənə məlum oldu ki, sinifdən təxminən 20 valideyn VMA-ya ödəniş edib ki, onların da vəsaitləri geri qaytarılıb. 16 nəfərə artıq vəsaitlər şəxsən qaytarılıb, qalanlara isə həftənin 1-ci günü qaytarılacağı bildirilib. Mən üzümü tuturam Təhsil İdarəsinin həmin əməkdaşlarına: əgər bu pul qanuni yığılıbsa, valideynlər də bunu könüllü etdiklərini bildiriblərsə, mənim qaldırdığım etiraz təsdiqini tapmayıbsa, niyə yığılan pullar geri qaytarılıb? Bu faktın özü prosesin necə qeyri-şəffaf şəraitdə keçdiyini, dövlət məktəbində korrupsiya faktının tüğyan etdiyini göstərir. Təəssüf ki, bununla bağlı rəsmi səviyyədə hər hansı əsaslı açıqlama hələ də verilməyib. Bakı Şəhər Təhsil İdarəsi dekabrın 6-da baş tutan valideyn iclası ilə bağlı hazırlanan aktı bütün sorğularımıza rəğmən hələ də bizə təqdim etməyib".

H.Abdulla onu da qeyd edib ki, hazırda 67 saylı orta məktəbdə ötən illərdə yığılan vəsaitlərin guya qanuni formada toplanmasını sübut etmək üçün sənədlərin saxtalaşdırılması gedir: "Məni dəvət etdilər ki, gedib 2019-cu ildə vəsait verməyimlə bağlı (mən VMA-ya 2019-cu ildə üzv olmuşam, bu zaman hər hansı üzvlük haqqının yığılacağı haqda heç bir məlumat verilməyib. Prosesi izləmək üçün üzvlükdə qalmağa qərar vermişəm-H.A.), o zamandan bəri 3 dəfə vəsait yığılıb, birində böyük əksəriyyət imtina edib, çünki pandemiya şəraiti olub, məktəblər işləməyib. Onların heç birində bizə hər hansı qəbz, ödəniş haqda sənəd təqdim edilməyib. Yenidən o yığımları "sənədləşdirməyə" çalışırlar, amma mən üzümü tuturam hüquq-mühafizə orqanlarına və bildirirəm ki, getsinlər araşdırsınlar, böyük bir korrupsiya faktının üstünü zamanında açsınlar. Bu proses dövləti və dövlətin məktəbini vətəndaşın gözündən salır. Heç bir şəffaflıq, heç bir hesabatlılıq olmayan şəraitdə pullar yığılır hara xərclənir? Söhbət 134 məktəbdə mövcud olan haldan gedir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu