Deputat QMİ-ni və Dini Komitəni günahlandırdı


Ceyhun Məmmədov: “QMİ-ni təmsil edən, onun adından danışanlar özləri verdikləri fətvaya əməl etmədilər”

Azərbaycan hər zaman müxtəlif millətlərin, fərqli dinlərə mənsub olan insanların dostluq şəraitində yaşadığı tolerant ölkə olub. Amma bununla belə, ölkəmizdə bu sabitliyi, sakitliyi pozmağa çalışan qüvvələr zaman-zaman olur. Yaxın günlərdə bütün dünya müsəlmanları Ramazan bayramının sevincini yaşadı. Amma ölkəmizdə Ramazan ayının son günü ilə bağlı mübahisəli məqamlar müşahidə olundu.

Belə ki, Şamaxı Astrofizika Rəsədxanası mayın 2-də Ayın göründüyünü bildirdikdən sonra Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olaraq, ölkənin bütün məscidlərində bayram namazları qılındı. Lakin bəzi din xadimləri Ayın görünmədiyini iddia edərək, bayramın əslində İranda olduğu kimi, mayın 3-də keçirilməli olduğunu bildirdilər. Sosial şəbəkələrdə yayılan iddialara görə, bəzi dindarlar bayram günü məsciddə bayram namazı qılınmayacağını bildiriblər. Qəzetimizə daxil olan məlumata görə, hətta bəzi məscidlərdə axundlarla möminlər arasında qarşıdurmalar yaranıb. Bayram namazını qılmağa icazə verməyən məscidin axunduna möminlər etiraz ediblər.

Bizimlə söhbətdə millət vəkili Ceyhun Məmmədov bu məsələlərlə bağlı fikirlərini bölüşüb.

“Necə olur ki, bütün müsəlman ölkələri bayramı mayın 2-də qeyd edir, amma hansısa ölkə bayramı mayın 3-nə salır? Bu necə olur? Biz bunu hansı formada anlayaq və başa düşək? Necə olur ki, Türkiyədə, ərəb ölkələrində Ay görünür, amma hansısa ölkədə görünmür? Nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bu prosesə nəzarət etmədi. Bu gün təəssüf ki, QMİ-ni təmsil edən, onun adından danışan, əvvəlki illərdə təyinat alan bəzi şəxslərin özləri QMİ-nin fətvalarına əməl etmədilər. Bu yolverilməzdir. Həmin bu insanlar izahat verməlidirlər ki, nə üçün QMİ-nin qərarını yerinə yetirmirlər”, - deyə C.Məmmədov bildirib.

Deputat onu da qeyd edib ki, Azərbaycanda tolerantlıq hər zaman ən yüksək səviyyədə olub: “Bu gün dünyada baş verən münaqişələrin bir çoxunun kökündə dini və milli amillərin olduğunu görürük. Eləcə də bir çox ölkələr müsəlman ölkələrində sabitliyi pozmaq üçün din və milli amildən məharətlə istifadə etməyə çalışırlar. Azərbaycana gəldikdə isə biz şükür ki, bunu təmin edə bilmişik. Birincisi, ölkəmizdə tarixi ənənə var. Qədimdən Azərbaycanda yaşayan millətlər arasında bir mədəniyyət formalaşıb. Həm ayrı-ayrı dinlərin nümayəndələri, həm də ayrı-ayrı millətlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq kimi bir ənənə artıq bizdə formalaşıb. Eyni zamanda digər dinlərə, xalqlara hörmətin kökündə həm də dinimiz - İslam durur. Çünki İslam digər dinlərə, xalqlara hörmətlə yanaşmağı təbliğ edir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, xüsusilə 1991-93-cü illərdə ölkəmizdə dini vəziyyət çox gərgin idi. Radikal dini qruplar yayılırdı, missionerlik fəaliyyəti güclü idi. Amma ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun ən ciddi addımlarından biri də dini sahədə tənzimləməni həyata keçirməsi oldu. 2001-ci ildə Dini Qurumlar üzrə Dövlət Komitəsini yaratdı, eyni zamanda 1995-ci ildə konstitusiyada bu məsələ təsbit olundu. Bir çox müsəlman ölkələrində yəhudiliyə qarşı bir düşmənçilik olduğu halda, Azərbaycanda belə münasibət mövcud deyil. Azərbaycanlılarla yəhudilər, xristianlar sülh şəraitində yaşayır. Fikrimcə, bu, Azərbaycanın ən böyük nemətlərindən biridir”.

Deputat qeyd edib ki, davamlı olaraq bir sıra dini məsələlərin hansısa dairələr tərəfindən siyasiləşdirildiyinin şahidi oluruq, ölkəmizdə sünni-şiə qarşıdurması yaratmağa çalışırlar: “Bu çox təhlükəli tendensiyadır. Mövcud qaydalara görə, əgər dövlətin dini idarəsi fətva verirsə, elmi rəsədxanası Ayın görünməsini təsdiqləyirsə, həmin ölkənin vətəndaşlarının üzərində vəzifə odur ki, onlar həm dini idarənin, həm də ölkənin bu qərarlarına hörmət etsinlər. Əslində Ramazan birlik, bərabərlik ayıdır. Bu insanlar bilməlidirlər ki, onların atdığı bu addımlar Allah qarşısında da bir günahdır, çünki ölkəmizdə müsəlmanlar arasında dini birliyi, həmrəyliyi pozurlar. Aydın məsələdir ki, bu məsələ bir sıra hallarda hansısa idarələr tərəfindən bilavasitə məqsədli şəkildə siyasiləşdirilir ki, bu da yolverilməzdir”. (“Yeni Müsavat”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu