Qənirə Paşayevanın həmmüəllif olduğu “Türk ruhunun söz bayrağı Əhməd Cavad” kitabının təqdimatı keçirilib - VİDEO+FOTOLAR
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Dos.Dr. Faiq Ələkbərli ilə birgə yazmış olduğu, Türkiyə türkcəsində nəşr olunan “Türk ruhunun söz bayrağı Əhməd Cavad” kitabının Ankarada – Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (Türkiye-Azerbaycan Dostluk ve İşbirliği Vakfı; TADİV) “Şuşa” Konqres mərkəzində baş tutan təqdimat mərasimində çıxış edib.
Qənirə Paşayeva öncə Ümummilli lider Heydər Əliyevin Türk dünyasının birliyinə, tarixi şəxsiyyətlərimizin tanıdılmasına verdiyi töhfələrdən və klassik irsə yüksək həssaslıqla yanaşmasından söz açıb. O, Prezident İlham Əliyevin bu məqsədyönlü siyasəti uğurla davam etdirərək önəmli strategiya yürütdüyünü vurğulayıb və istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Prezident Sərəncamını da bu yöndə mühüm hadisə olaraq şərh edib.
İllər keçsə də Əhməd Cavadın könüllərdə yaşadığını bildirən Q.Paşayeva, Əhməd Cavadın Stalin repressiyasının qurbanı olduğunu vurğulayıb.
“Repressiyalar, məhdudiyyətlər şairin adını ürəklərdən silə bilmədi. O, bu gün Türk dünyasını sevən könüllərdə yaşayır. O, çox əzab-əziyyət çəkdi lakin öz idealından, milli iradədən geri durmadı. Bu gün Əhməd Cavadın ruhu şaddır. Çünki o, bizim könlümüzdən heç vaxt çıxmamışdı və sevən könüllər onu bu ilki yubileyində də yad edir. Özü də 44 günlük Azərbaycan Vətən müharibəsindəki tarixi zəfərin fərəhi, qüruru içində! – Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu, bizim – Azərbaycanın və Türkiyənin müştərək qələbəsidir!
Bəli, bu gün Əhməd Cavadın adı da, əsərləri də dillər əzbəridir. Azərbaycanın dövlət himninin sözləri Əhməd Cavada aiddir. Onun “Çırpınırdın, Qara dəniz” şeiri Türk dünyasının dil əzbəridir.
O, Turan aşiqi idi və bu gün Turan idealı həyata keçirilir, Türk Dövlətləri Təşkilatı yaranıb, ortaq türk qurumları getdikcə daha güclü fəaliyyət göstərir. Görürük ki, Əhməd Cavadın qərinələr öncə yazdığı “Turan” şeiri bu günlərimizə inamın ifadəsi olub.
Dərin minnətdarlıqla qeyd edirik ki, dövlət böyüklərimiz Türk birliyinin tərəfdarı olub, onların işıqlı yolunu bu günkü dövlət başçılarımız həyata keçirir. Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Cümhurbaşqanı Qazi Mustafa Kamal Paşa Atatürk “Müəllimlər, yeni nəsil sizin işiniz olacaq” deyib. Ümummilli liderimiz Heydər Əliyev “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” deyib. Əhməd Cavad da məhz maarifçilik, cümhuriyyət idealı və davası sözləri ilə türk millətinin gələcəyində elmin, təhsilin, maarifin önəmini vurğulayıb”.
Sözlərinə davam edən Q.Paşayeva deyib:
“XX yüzilin əvvələrində Anadolu insanı Sarıqamış faciəsinin ağrı-acısını yaşayanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb buralarda yaşayan qardaşlarımıza çatdırılması, millətimizin səsini daha geniş duyurmaq üçün çalışırdı. Yetim qalan qız uşaqlarını uyğun ortamlı ailələrin himayəsinə verilməsində iştirak edərək, “bu qızlar bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin” deyirdi.
O, Azərbaycan üçün, Türkiyə üçün, Türk dünyası üçün bəzən silaha, bəzən qələmə sarılırdı. Dünyanın harasında yaşamasından asılı olmayaraq Türk millətinin acıları onun acısı idi. İstiqlal şairi, mütəfəkkir, maarifçi müəllim Əhməd Cavad heç bir zaman unudulmayacaq, hər zaman sevgi-sayğı ilə anılacaq.
Əhməd Cavad hər cür məhdudiyyətə, basqıya baxmayaraq öz fiziki ömrü boyu türklük fikrindən, vətəncanlı ziyalı mövqeyindən geri durmadı. Baxmayaraq ki, bu gün Əhməd Cavadın məzarı yoxdur... amma adı milyonların ürəyində uca yerdədir.
Heç təsadüfi deyil ki, Ankarada Əhməd Cavadın möhtəşəm heykəli ucaldılıb və may ayında heykəlin təntənəli açılışı oldu”.
44 günlük Azərbaycan Vətən müharibəsindəki tarixi zəfərə bir daha vurğu edən Q.Paşayeva tarixə eksursiya edib, paralellər aparıb: “Əcdadımız – Azərbaycan türkləri Çanaqqalada canlarını qurban verməklə, Nuru Paşanın başçılıq etdiyi Qafqaz Türk-İslam Ordusu mənsubları Azərbaycanın ağır günlərində köməyə gələrək, şəhid olaraq, bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncələr bir daha öyrədiblər. 44 günlük müharibədə Türkiyənin güclü mənəvi, siyasi, diplomatik, informasiya dəstəyi əcdadımızın ruhunu şad etdi. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin ötən il imzaladığı “Şuşa Bəyannaməsi” əcdadımızın ənənələrinin parlaq davamı, gələcək nəsillərin yolgöstərənidir.
Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizlər qədər bizimdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox yiyə durması gərəkdir. İnanıram ki, gənclərimizin çoxu məhz bu ruha, duyğu-düşüncəyə sahibdir. Azərbaycanın Ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” tarixi kəlamları, eləcə də, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən böyük öndər Atatürkün, indiki Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı tarixi sözləri bizim üçün çox əzizdir.
Bəli, biz bu gün istiqlal şairimizin adının, sözünün işığına yığışmışıq. Dəyərli yeni nəsil alimlərimizdən Dos.Dr. Faiq Ələkbərli ilə birgə yazdığımız “Türk ruhunun söz bayrağı Əhməd Cavad” kitabının ilk təqdimatındayıq. Ümidvarıq ki, bu kitab qardaş ölkə Türkiyədən olan Cavadsevərlərə yaxşı bir yubiley töhfəsi olacaq.
Artıq deyildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin başqa bir Sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib. “Şuşa İli”mizdə istiqlal şairimizi dövlət səviyyəsində anmaq, bugünsə qardaş ölkə paytaxtı Ankarada anmaq çox gözəl, rəmzi bir hadisədir. Qalib dövlət və qədirbilən xalq olaraq istiqlal şairimizi qürurla anır, ruhunu şad edirik!
Əhməd Cavad, Prezident Sərəncamında da vurğulandığı kimi, ədəbi-bədii fikri tariximizdə özünəməxsus dəst-xətti, üslubu ilə seçilən, istiqlal düşüncəmizdə müstəsna mövqeyə malik ustadlardandır. Canından əziz bildiyi doğma xalqının müstəqillik ideallarına candan-könüldən bağlı olan mütəfəkkir ədibin özünün də, həyat yoldaşı Şükriyyə xanımın da həyatı sədaqət, vəfa, inam və dözüm örnəyi təşkil edir.
Dövlətimizin, xalqımızın Əhməd Cavada bəslədiyi yüksək və həssas münasibət onun mübarizəsinin qətiyyən hədər getmədiyini sübut edən ən önəmli hadisələrdəndir. Əhməd Cavad irsinə münasibət qədirbilənliklə yanaşı, şairin haqq etdiyi sədaqətin, vəfanın parlaq təcallasıdır. Sonrakı illərdə milli məfkurə ilə silahlanmış, istiqlaliyyət və Turan motivlərinə davamlı müraciət etmiş onlarla şair, yazıçımız həm də Əhməd Cavadın yarımçıq qalmış yolunu davam və inkişaf etdirib. Bu yol heç vaxt qırılmayacaq, əbədi davam edəcəkdir!
İstiqlal şairinin ruhu şad, Azərbaycanın və Türkiyənin, bütün türk dövlətlərinin bayrağı uca olsun”!
Q.Paşayeva kitabın nəşrində əməyi keçən hər kəsə, eləcə də, evsahibi qurumun rəhbəri Prof.Dr. Aygün xanım Attara təşəkkür edib. Komitə sədri Ankaradakı Azərbaycan Evinə dünyaşöhrətli sənətkar, Azərbaycan Respublikasının Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınlar tablosu” rəsmləri silsiləsindən “Azərbaycan xanımı” tablosunu hədiyyə edib.
Qeyd edək ki, Nərgiz Attarın aparıcılığı ilə keçirilən təqdimat mərasimində Türkiyə Cümhurbaşqanlığının Təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, TADİV başqanı Prof.Dr. Aygün Attar, Azərbaycanın Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Türk-Yapon Fondunun başqanı Nejat Bora Sayan, Ankara Universitetinin rektoru Prof.Dr. Necdət Ünivar, İğdır Universitetinin rektoru Prof.Dr. Mehmet Hakkı Alma, Azərbaycanda fəaliyyət göstərən "UMAY - Türk dünyası Qadınlarına dəstək" İB-nin sədri Vəsilə Abulova, “UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev və başqaları çıxış edib.
F.Əliyev belə kitabların və təqdimatların Azərbaycanla Türkiyənin qardaşlıq ruhunun yüni nəsillər tərəfindən dərin idrakı və gələcək yaradıcı nəsillərin milli yöndə fəaliyyətinə töhfə olaraq üiymətləndirib. İstiqlal şairinin həyat və mübarizə yolundan bəhs edən natiq, Əhməd Cavad ömrünü, haqlı olaraq, örnək ömür olaraq şərh edib.
Təqdimatın sonunda Q.Paşayeva və Azərbaycan nümayəndə heyəti adından bütün iştirakçılara Qarabağ motivli xatirə hədiyyələri təqdim olunub.
Onu da vurğulayaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Dos.Dr. Faiq Ələkbərlinin nəşrə hazırladığı “Əhməd Cavad - Türk ruhunun söz bayrağı” adlı kitabın təqdimatı Milli Məclisin Mədəniyyət komitəsi, ölkəmizin Türkiyədəki səfirliyi və TADİV-in birgə təşkilatçılığı ilə keçirilib. Kitabda böyük istiqlal şairinin zəngin mənalı həyat və fəaliyyəti barədə qardaş ölkə ictimaiyyətinə müfəssəl bilgiliər verilir.
Arzu edənlər bu linkdən izləyə bilər: