Naxçıvandakı Gümüşlü göl ətrafında 4 nəfər həbs edildi
Sentyabrın 21-i və 22-də Naxçıvandakı Gümüşlü göl su hövzəsi ərazisinə qanunsuz daxil olmağa çalışan 4 nəfər həbs edilib.
AFN.az xəbər verir ki, sentyabrın 21-də qadağan edilmiş əraziyə keçmək istəyən Muxtar Respublikanın sakinləri-Etibar Seyidov, Ruslan Məmmədov və Hüseyn Vəliyev saxlanılıblar. Onlar əraziyə piknik etmək məqsədilə keçmək istədiklərini deyiblər.
Adları qeyd edilən şəxslər daha sonra Şərur Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Seyidova 15, R.Məmmədova 20, H.Vəliyeva isə 10 sutka inzibati həbs cəzası verilib.
Bundan 1 gün sonra isə Gümüşlü gölün qadağan edilmiş hissəsinə daxil olmaq istəyən daha bir nəfər saxlanılıb. Məlum olub ki, həmin şəxs İran vətəndaşı, 1968-ci il təvəllüdlü Z.Z-dir. O, 1 həftə əvvəl Naxçıvan şəhərinə gəldiyini, Şərurun Gümüşlü kəndinə isə gəzinti məqsədilə səyahət etdiyini bildirib. Saxlanılan İran vətəndaşı daha sonra məhkəməyə göndərilib və barəsində 10 sutka inzibati həbs qərarı verilib.
Qeyd edək ki, Gümüşlü göl Şərur rayonunda Arpaçay su anbarının yaxınlığında yerləşir və Ermənistanla sərhədə yaxındır.