Rusiya Duması Ukraynanın 4 vilayətinin ilhaqı ilə bağlı sazişi təsdiqləyib


Rusiya Dövlət Duması (parlamentin aşağı palatası) Ukraynanın işğal altındakı Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin ilhaqı haqqında sazişi ratifikasiya edib.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dumadan bildirilib.

Dumanın bugünkü iclasında Rusiya xarici işlər naziri, Rusiya Prezidentinin sözügedən qanun layihəsi ilə bağlı parlamentə təyin etdiyi səlahiyyətli nümayəndəsi Sergey Lavrov çıxış edib.

S.Lavrov deputatları həmin qanun layihəsini təsdiqləməyə çağırıb.

Ardınca Dumanın MDB komitəsinin sədri Leonid Kalaşnikov və parlamentin spikeri Vyaçeslav Volodin çıxış ediblər.

Sonda qanun layihəsi səsə qoyulub.

İclasda iştirak edən deputatların hamısı yekdilliklə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanun layihəsinin lehinə səs verərək sənədi təsdiqləyib.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinn rəhbərləri imzalayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu