Bu gün 1 xal əldə etdik və nəticədən razıyam - Qurban Qurbanov
Rəqib həddindən artıq istəkli idi. Oyundan razı qaldım. Futbolçular sonadək yaxşı mübarizə apardılar. Onları təbrik edirəm. "Olimpiakos"a qarşıdakı görüşlərdə uğurlar arzulayıram.
AFN Trend-ə istinadən xəbər verir ki, bunu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda Yunanıstanın "Olimpiakos" komandasını qəbul edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, Kadi Borgesin durumu yaxın günlərdə bəlli olacaq. Onun ağrıları var idi. İkinci hissənin əvvəlində əziyyət çəkdiyini gördük və əvəzlədik. İkinci yarıda oyunu ələ ala bildik. Rəqib futbolçular öz təcrübələrindən yaxşı istifadə edirlər. Rotasiyalar edən komandalar çoxdur. Amma mən sistemi saxlamağa üstünlük verdim. 90 dəqiqə tam istədiyin kimi çıxış etmək mümkün deyil. Əsas odur ki, oyunçular matçdan qopmadılar.
Təcrübəli baş məşqçi UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etdiklərini xatırladıb: "Olimpiakos" ilk xalını qazandı. Bir xal onlar üçün əhəmiyyətli ola bilər. Həmişə qazandığımız hər xala şükür etmişəm. Bu gün bir xal əldə etdik və nəticədən razıyam.
“Böyük tarixi olan komandaya və titullar əldə edən futbolçulara qarşı oynayırdıq. Belə oyunlarda onların təcrübəsi, ümumi bacarığı nəticəni müəyyənləşdirir. Bizdən gözləntilər çox olur. Azarkeşlər bizdən qələbə gözləyirdi. Belə fikirlər futbolçulara təsir edir. Çox da böyük futbol ölkəsi deyilik, klub olaraq Avropada böyük uğurlar qazanmamışıq. Komandada yorğunluq da var idi. Səfərdən sonra Bakıya gəldik, daha sonra yenə Qəbələyə getdik. Hazırlıq planlarımız pozulmuşdu. Bu həftəni istədiyim tempdə məşq edə bilməmişdik. Belə cüzi narahatçılıq var idi. Ancaq mən belə hallara həmişə müsbət baxmışam”, - deyə Q.Qurbanov əlavə edib.