Gələn il fəsillərin Azərbaycana daxil olacağı tarixlər açıqlanıb
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası 2023-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb.
Kafedradan AFN-ə verilən məlumata görə, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.
Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur. Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 11 saniyə olacaq.
Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 23-ü saat 10:49:56-ya təsadüf edəcək. Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınır. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 21 saat 37 dəqiqə 23 saniyə olacaq.
2023-cü ildə qış fəslinin (Qış günəş duruşu) Azərbaycana daxil olması dekabrın 22-si saat 07:27:19-a təsadüf edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Fəslin uzunluğu 88 gün 23 saat 38 dəqiqə 02 saniyə olacaq.