Qənirə Paşayeva Araz Elsəslə görüşüb - FOTO
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ünlü sənətçi – Güneyin gur səsi ozan Araz Elsəslə görüşüb.
Araz Elsəsi çoxdan tanıdığını, sənətinin vurğunlarından olduğunu söyləyən Q.Paşayeva, onun uzun aralıqdan sonra doğma Bakıya gəlişindən və Milli Məclisdə görüşdən şad olduğunu deyib.
Q.Paşayeva Araz Elsəsin hələ uşaqlıq çağlarından musiqiyə böyük maraq göstərməsini, gənc yaşlarından isə doğma yurdunu doğma dildə oxşamağa başladığını vurğulayıb: “Siz öz sazınız, sözünüzlə illərin yuxusuna batmış yurddaşlarınızı oyanmağa səsləmiş, bu milli görəvi sənət aləmində layiqincə yerinə yetirinlərdən biri olmusuz. Sizin ifalarınız 90-cı illərdə Arazın hər iki tayında sevə-sevə dinlənilir, öyrənilirdi.
Daha sonra siz siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Bakıya köçdünüz. 1997-ci ildən Avropada yaşayır, müxtəlif ölkələrdə həmvətənlərimiz içində konsertlər verirsiz. Siz harada yaşasanız da, həmişə doğma el-obanı, yurdu, can Azərbaycanı düşünən, tərənnüm edən dəyərli sənətçimizsiz. Sizin adınız, ifalarınız sənətinizin Güneydəki çoxsaylı vurğunları üçün bu gün də bir çağırış, bir dayaqdır. Sizin yaradıcılığınızın Güneydəki demokratikləşmə hərəkatına qatqıda bulunduğuna, özəlliklə gənclər üçün örnək təşkil etdiyinə inanıram”.
Sənətçinin qürbətdəki həyat və fəaliyyəti, sənət uğurları, yaradıcılıq planları ilə tanış olan Q.Paşayeva ona yeni uğurlar diləyib.
Hazırda qurumaqda (başqa sözlə, Fars-Molla rejimi tərəfindən qurudulmaqda) olan Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olmuş sənətçi ilə görüşdə Güneydə baş verən hadisələr ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə “VisionTV”-nin rəhbəri Şöhrət Eldəniz iştirak edib.
Qeyd edək ki, Araz Elsəs 27.11.1971-ci ildə doğulub. Uşaqlıq çağlarından musiqiyə böyük maraq göstərib.
Sonralar siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Bakıya köçən sənətçi, 1997-ci ildə Avropa Yazarlar Parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılıb. O dövrdən Avropada yaşayır. 2000-ci ildən isə İsveç vətəndaşlığına qəbul edilib.