Ankarada ibtidai sinif şagirdlərini girov götürən şəxs onlara dəhşət yaşadıb
Ankaranın Çankaya rayonunda ibtidai sinif şagirdləri və müəllimlər girov götürülüb. Ruhi xəstə olduğu iddia edilən şəxs 20 nəfər şagird və müəllimdən ibarət qrupa bıçaqla hədə-qorxu gələrək dəhşətli anlar yaşadıb.
O, girov götürdüyü qrupu “dua edin, sizi öldürərəm” deyərək hədələyib. Girovlar valideynlərin müdaxiləsi ilə xilas edilib.
Məsələ burasındadır ki, həmin şəxsin özünün də məktəbdə maaşlı müəllim işlədiyi iddia edilir. Təcavüzkar məktəbə gələn polis qrupları tərəfindən nəzarətə alınıb. Hadisə martın 13-də saat 16.30 radələrində Turhan Dökmeci İbtidai məktəbində baş verib. İddialara görə, saat 15.00-da dərslər bitdikdən sonra başlayan dəstək və hazırlıq kurslarına gedən 20 müəllim və şagird kursun bitməsinə baxmayaraq, məktəbi tərk etməyib.
Vəziyyətdən şübhələnən valideynlər kursun keçirildiyi idman zalına gəlməyə başlayıblar. Həmin vaxt valideynlər öyrəniblər ki, məktəbdə kurslarda pullu müəllim işlədiyi deyilən şəxs dostu ilə mübahisə edib və əsəbləri pozularaq, kursdakı qrupu girov götürüb.
İdman zalının qapısını sındıran valideynlərin müdaxiləsi nəticəsində qrup girovluqdan azad edilib.
Hadisə ilə bağlı polis qrupları tərəfindən araşdırma başladılıb.