"Google" və "Amazon" Avropada işçilərini ixtisar edə bilmir
“Google” və “Amazon” şirkətlərinin Avropada işdən çıxarılması əməyin mühafizəsi tədbirləri səbəbindən təxirə salınıb.
AFN.az Bloomberg-ə istinadən xəbər verir ki, tarixin ən böyük ixtisarlarını elan etdikdən sonra texnologiya şirkətləri "Google" və "Amazon" Avropada işçilərini ixtisar etməkdə çətinlik çəkiblər. Həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə görə, bəzi Aİ ölkələrində işdən çıxarılma prosesi əmək müdafiəsi qrupları ilə əvvəlcədən məsləhətləşmədən demək olar ki, mümkünsüzdür. Nəticədə, Avropada minlərlə texniki işçi ABŞ korporasiyalarının törəmə şirkətlərində işləməyə davam edib-etməyəcəklərini bilmədiklərinə görə qeyri-müəyyən vəziyyətdədir. Onların gələcək karyerasının asılı olduğu danışıqlar lazımi məlumatların toplanması və qərarlardan şikayətlərin verilməsi səbəbindən ləngiyə bilər.
"Google" AB-də əmək qanunlarının ən sərt olduğu Fransa və Almaniyada işçi şuraları ilə danışıqlar aparır. Şirkət səxavətli işdən çıxma müavinəti təklif etməklə işçiləri könüllü olaraq işdən çıxmağa həvəsləndirməyə çalışır, lakin bunun çətin olduğu da sirr deyil.
"Amazon" Fransada bəzi top-menecerləri onlara bir illik maaş verəcəyini vəd edərək və səhm almaq üçün əlavə məzuniyyət verərək onları istefaya məcbur etməyə çalışıb. Sıravi işçilərə aylıq əmək haqqı məbləğində kompensasiya ödənişi təklif edilib.
Əməyin mühafizəsinin daha az sərt olduğu Böyük Britaniyada texnologiya nəhəngləri ixtisar etməkdə daha az çətinlik çəkirlər. "Google" ölkədəki səkkiz min adamın təxminən yüzdə altısını işdən çıxarmağa hazırlaşır. İşçilər şurası ilə danışıqlarda yalnız işdən çıxma haqqının ölçüsü müzakirə olunur, lakin ixtisarların miqyası deyil.
"Amazon" 2022-ci ilin noyabrında 10.000 işçini ixtisar etməyi planlaşdırdığını açıqladı. İxtisarlar, ilk növbədə, şirkətin öz cihazlarını, insan resurslarını və satış departamentlərini inkişaf etdirən texniki şöbəyə təsir edəcək. Ümumilikdə, işçilərin təxminən üç faizi ixtisar olunacaq.
2023-cü ilin yanvarında "Google"un ana şirkəti "Alphabet" dünya üzrə 12 000 işçi qüvvəsinin 6 faizindən çoxunu çıxaracağını açıqladı. Səbəb analitiklərin gözləntilərini doğrultmayan maliyyə göstəriciləridir. 2022-ci ildə mənfəət 27 faiz azalaraq 13,9 milyard dollar olub. Bundan əvvəl, 2017-ci ildən etibarən "Alphabet"in işçilərinin sayı ildə 20 faiz artıb.
Fevral ayında Amerikanın "Yahoo" şirkəti işçilərinin 20 faizini, yəni dünya üzrə təxminən 1600 işçini ixtisar edəcəyini açıqlamışdı. Prosedur reklam şöbəsinin işçilərinin 50 faizinə təsir edəcək.