Tanınmış bəstəkarın müəllif konserti keçirilib


Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovun 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə müəllif konserti oldu.
Tədbiri giriş sözü ilə açan ABİ sədri Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə səbəbkarın çoxşaxəli yaradıcılığından, müəllimi – Azərbaycanda simfonizmin banisi Cövdət Hacıyev və atası – uşaq müsiqisisinin klassiki sayılan Oqtay Zülfüqarovun irsinə sadiqliyindən və ehtiramından danışdı. Qırx ildən artıq müddətdə bəstəkarın həyat verdiyi əsərlərin – mahnı, kamera, tamaşalara yazılan musiqilər, opera, fantaziya və sairin uğurlu taleyini, müəllifin özününsə sadə, təvazökar xasiyyətini ayrıca qeyd etdi.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova musiqiçilər ailəsinin layiqli təmsilçisi Cahangir Zülfüqarovun sənətinə böyük dəyər verdiyini diqqətə çatdırdı.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lətifəxanım Əliyeva ABİ-nin dəstəyilə bəstəkara həsr etdiyi yeni nəşr olunmuş broşürdən söhbət açdı.
Tədbirin bədii hissəsi maraqlı keçdi. Fleyta və simfonik orkestr üçün bəstələnmiş “Ümid adası” adlı Qravüraları Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə ifa edən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin lent yazısı səsləndirildi. Həmin yazıda fleytada solo ifa bəstəkarın qızı, Beynəlxalq müsabiqə laureatı Əminə Zülfüqarovaya məxsusdur.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Atatürk Universitetinin professoru, fəlsəfə elmləri doktoru Həqiqət Məhərrəmovanın ifasında “Sarı gəlin”, “Ağ alma” - Piano üçün 2 Fantaziya tamaşaçılara xüsusi zövq verdi.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Şəms” Uşaq Xoru kiçik yaş qrupu bədii rəhbər - Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın ümidlərini bir daha doğrultdu. “Uşaqlar” (söz: Cəmilə Allahverdiyeva), “Ana” (söz: Kamal Baharlı) və “Gözəl Bakı” (söz: Kamal Baharlı) solistlər - Məryəm Əliyeva və Fidan Bağırovanın ifasında bəyənildi. Yusif Həsənbəylinin sözlərinə yazılmış “Vətən hissi” C.Zülfüqarovun nəvəsi Emili Zəkiyyənin solistliyi, eyni zamanda xorun tərkibində bəstəkarın nəvəsi İnarə Zülfüqarova iştirakı ilə alqışlarla qarşılandı. Azərbaycanda uşaq musiqisinin klassiki Oqtay Zülfüqarovun “Elegiya” əsərinin bu dəfəki ifasının özəlliyi isə ondan ibarət idi ki, onu ustadın nəticəsi – Əfrasiyab Bədəlbəyli adına 11 illik musiqi məktəbinin VI sinif şagirdi Əfrasiyab Məmmədov (müəllim – Sevil Lazımova) pianoda ifa edirdi.
C. Zülfüqarovun uşaqlıq və gənclik dostları Rauf İmanov və Məbud Məhhərəmovun şux xatirələri görüşə rəng qatdı.
Müəllif fleyta və 2 piano üçün bəstələdiyi “Oazis” əsərini fleytada qızı Əminə Zülfüqarova və nəvəsi Əfrasiyabla birgə pianoda ifası etməklə tədbirin son akkordlarını vurdu. Sonra qısa nitqilə hamıya öz təşəkkürünü bildirdi.
Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi, musiqişünas Sevda Hüseynovanın aparıcısı olduğu konsert xoş və yaddaqalan təəssüratla başa çatdı.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu