Rafael Ağayev bu idmançıları və məşqçiləri tənqid etdi - VİDEO
Karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev bəzi idmançıları və məşqçiləri tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, o, əməkdar artist Bəhram Bağırzadə ilə etdiyi canlı yayımda 3-4 nəfərin birləşib keçirdiyi yarışlarda medal qazanıb özünü dünya və Avropa çempionu sayan idmançılara səslənib.
R.Ağayev bildirib ki, dünyada karatenin yalnız WKF versiyasında olan çempionluqlar rəsmidir: “Məndən güclü kimsə yetişə bilər. Ola bilər ki, həmin idmançı 6 dəfə dünya, 15 dəfə Avropa çempionu olsun. Amma heç kim Rafael Ağayev ola bilməyəcək. Karatenin 40 növü var. Bu idmanın WKF versiyası yalnız rəsmidir. İki ildə bir dəfə dünya çempionatı keçirilir. Lakin məşqçilər tələbələri və valideynləri aldadırlar.
Pul yığırlar və deyirlər ki, Türkiyədə Avropa çempionatı var. Yarışda da 4 komanda iştirak edir ki, onlardan biri Qazaxıstan, digəri İrandır. Burda Avropa çempionatından söhbət gedə bilməz. Boyunlarında 18 medalla qayıdırlar. Kimsə deyir ki, oğlum 4 dəfə dünya çempionudur. 9 yaşlı idmançı necə bu uğuru qazana bilər? Hansısa məşqçini gözdən salmaq istəmirəm, amma reallıqdan danışaq. Hər zaman düz deməliyik və düzünü etməliyik. Tapşırıqla gəlib Azərbaycan çempionu olur, sonra Avropada onu kimsə tapşıra bilmir axı. Bu canlıdan sonra gərək otaqdan çıxmayım”.