Polşa Almaniyanı daxili işlərinə qarışmağa çalışmaqda ittiham edir
Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyanı ölkəsinin daxili işlərinə qarışmaq cəhdində ittiham edib.
Nazir Rau sosial media platformasında Almaniya kansleri Olaf Şolza cavab verib. Almaniyanı tənqid edən Rau Şolzun bəyanatının “dövlətlərin suveren bərabərliyi prinsipini” pozduğunu bildirib.
O, "Almaniya kanslerinin səlahiyyətinin Polşada davam edən proseslərlə bağlı olmadığı aydındır. Bu mənada verilən açıqlamalar Polşanın daxili işlərinə müdaxilə cəhdinə və ölkədə davam edən seçki kampaniyasına işarə edir" - deyə qeyd edib.
Almaniyanın yaxşı münasibətlər üçün Polşanın suverenliyinə hörmət etməsi lazım olduğunu vurğulayan Rau, "Almaniya kanslerini ikitərəfli əlaqələrimizə xələl gətirəcək açıqlamalardan qaçmağa dəvət edirəm" - qeydini edib.
Sentyabrın 15-də Polşada giriş vizalarının verilməsində qanun pozuntuları ilə bağlı iddialar gündəmə gəlib və xarici işlər nazirinin müavini Piotr Vavrşik vəzifəsindən uzaqlaşdırılıb.