Tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
Sentyabrın 29-u Mingəçevir şəhər sakini 1991-ci il təvəllüdlü Sönməzbəy Məmmədovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Şəhər prokurorluğundan AFN.az-a verilən məlumata görə, araşdırmalarla 1991-ci li təvəllüdlü Ceyhun İsrəfilovun aralarında yaranmış mübahisə zamanı Mingəçevir şəhəri, M.Maqomayev prospektində tanışı Sönməzbəy Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməsi nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Ceyhun İsrəfilov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.