Amerikalı ekspertdən sensasion yazı: Zəngəzur dəhlizi açılsa...


“Politico” saytında Ceymstaun Fondunun baş elmi işçisi Yanuş Buqayskinin Cənubi Qafqazda sülhün perspektivləri ilə bağlı məqaləsi dərc olunub.



AFN.az Caliber.az saytına istinadən həmin materialdan maraqlı fraqmentləri oxucularının diqqətinə çatdırır:

“Bütün müharibələr fəlakətlə bitməməlidir. Onların bəziləri daha möhkəm regional sabitliyə şərait yarada bilər. Ermənistanla otuz ildir davam edən silahlı münaqişədən sonra hərbi əməliyyatlar nəticəsində Bakı işğal olunmuş ərazilərini geri qaytardı. Bunun ardınca dünya Azərbaycanın Cənubi Qafqazda konstruktiv oyunçuya çevrilməsi ilə üzləşdi. Lakin bunun üçün həmdə ABŞ və Avropa İttifaqının daha koordinasiyalı iştirakı tələb olunacaq.

Birinci prioritet, əlbəttə ki, Ermənistan və Azərbaycan arasında hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü tanımaq öhdəliyini götürdüyü hərtərəfli sülh müqaviləsinin bağlanmasıdır.

ABŞ, Aİ və Türkiyə vasitəçilik prosesinə rəhbərlik etməlidir, çünki regionda təhlükəsizlik əlaqələrini və iqtisadi inteqrasiyanı gücləndirə biləcək belə bir nizamlanmadan birbaşa faydalanacaqlar”.

Məqalədə qeyd olunur ki, Rusiya və İran sülh prosesini monopoliyaya almağa çalışsa da, ABŞ və Aİ Bakı və İrəvanla münasibətlərində həddən artıq passiv davrandılar - baxmayaraq ki, hər iki hökumət Amerika və Avropanın iştirakını dəstəklədi.

Sovet İttifaqının dağılmasından sonra Ermənistanın işğal etdiyi ərazi olan Qarabağı Azərbaycanın yenidən geri qaytarması çox sürətli hərbi əməliyyat nəticəsində baş tutdu. Bu, Xorvatiyanın 1995-ci ilin yayında keçirdiyi hərbi əməliyyatı xatırladır ki, bu da ölkənin serblər tərəfindən işğal olunmuş əraziləri geri alması və son nəticədə onu Aİ və NATO-ya daxil olmaq yoluna çıxarması ilə nəticələnib.

Məqalə müəllifi yazır:

Beynəlxalq təşkilatların, o cümlədən BMT missiyasının hesabatlarına görə, Azərbaycan hərbçiləri Qarabağda dinc əhaliyə hücum etməyib və etnik təmizləmə aparmayıblar. Yerli ermənilərin kütləvi şəkildə köçməsinə isə təxliyə və ya separatçı liderlərin hərəkətləri səbəb olub. Bununla belə, istənilən gələcək sülh sazişinin tərkib hissəsi kimi həm ermənilərə, həm də üç onillik müharibə nəticəsində didərgin düşmüş azərbaycanlılara öz ata-baba torpaqlarına qayıtmaq hüququ verilməlidir.

Həmçinin Ermənistanın suverenliyini pozmadan Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə olunması da təcilidir. Əgər buna nail olunarsa, Azərbaycanla Naxçıvan arasında avtomobil və dəmir yolu əlaqələri Xəzər hövzəsini Türkiyə ilə birbaşa birləşdirən qiymətli ticarət marşrutuna çevrilə bilər. Bu, həm də İranın bölgədəki təsirini zəiflədəcək və Qərbin Mərkəzi Asiya ilə əlaqələrini gücləndirəcək.

Bütün Qafqaz regionunun iqtisadi çiçəklənməsinə Bakı ilə İrəvan arasında ticarət əlaqələrinin inkişafı, Ermənistanla Türkiyə arasında tam hüquqlu diplomatik münasibətlərin qurulması, eləcə də yeni regional inkişaf proqramının hazırlanması kömək edə bilərdi. Məsələn, Xəzər dənizi ilə Türkiyə arasında yeni enerji kəmərlərinin açılması bütün region ölkələrinin iqtisadiyyatını gücləndirərdi. Azərbaycan Avropa və ABŞ ilə güclü əlaqələri olan, inkişaf edən enerji və ticarət mərkəzi kimi Ermənistanın da iqtisadi inkişafına töhfə verə bilər.

Bu cür sabitlik və əməkdaşlıq həm də kapitalın və Qərb investisiyalarının axınına gətirib çıxaracaq”, - deyə amerikalı ekspert yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu