İTSA-dan “Yeni Klinika”nın meydançasında "çürüyən" TTY avtomobilləri ilə bağlı AÇIQLAMA


Son günlər səhiyyə sektorunda baş verən neqativlər tez-tez gündəmə gəlir. Vətəndaşlar, hətta həkimlər belə mövcud durumdan şikayətçi olurlar.


Həkim Ədalət Rüstəm də icbari tibbi sığorta ilə bağlı baş verənlərdən narazıdır. O, sosial şəbəkədə açıqlamasında bildirib ki, "Yeni klinika"nin arxasındakı meydançada TƏBİB-ə, İTSA-ya məxsus 100-ə qədər təptəzə təcili tibbi yardım maşını 2020-ci ildən yağışın, qarın və günəşin altında çürüyür, paslanır: “Onlar ölkə uzrə təcili yardım stansiyalarının sərəncamına verilməli idi. Az qala bir milyon əhalisi olan Abşeron rayonuna təcili tibbi xidmət göstərən 3-4 avtomobildən ikisi 1979-ci illərin istehsalı olan pikap tipli sınıq-salxaq "QAZ-24" avtomobilidir. Bir neçə gün əvvəl 2-ci mərtəbədən yıxılan uşağın çağırışına heç həmin avtomobil də göndərilməmişdi”.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinə (İTSA) sorğu ünvanladıq. Agentliyin mətbiuat xidmətindən AFN.az-a bildirildi ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2020-2022-ci illər ərzində ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb: “Avtomobillər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Agentlik tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Ambulanslar TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə təhvil verilib”.
İTSA-dan o da bildirilib ki, 2023-cü ilin sonu 100 ədəd təcili tibbi yardım avtomobili alınıb: “Avtomobillərin təhvil-təslimi sənədləşmə işləri başa çatdıqdan sonra həyata keçiriləcək”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu