Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı


Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.



Trend xəbər verir ki, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 110 saylı Balakən Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 28.50% faiz (48990 seçicidən 13962 nəfər) olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 11,72% (54953 seçicidən 6438 nəfər) olub.

Qeyd edək ki, prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı 19.44 faiz olub. Səsvermə hüququna malik 6 478 840 seçicidən bu saatadək 1259371 nəfəri səs verib.

Əlavə edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu