Ruslan Quliyev: “COP29" Azərbaycanın turizm sənayesinə çox böyük təsir edəcək


Tailand Krallığının Banqkok şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Biznes Şurasının 2-ci və Daimi Komitəsinin (DK) 41-ci iclasları keçirilib. Bu ölkənin Milli Assambleyasının ev sahibliyi ilə baş tutan tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.


Mayın 28-də 19 ölkədən 22 siyasi partiya və 38 biznes qurumunun iştirakı ilə “Ərzaq təhlükəsizliyi və turizmin təşviqi” mövzusunda keçirilən Biznes Şurası iclasının açılış mərasimində qurumun Bürosunun yeni tərkibi müəyyənləşib. ICAPP DK-nın üzvü Tahir Budaqov siyasi partiyaların və biznes mühitinin nümayəndələrindən təşkil olunan 8 nəfərdən ibarət Büroya yekdilliklə sədr müavini qismində üzv seçilib.
İclasın “Turizmin təşviqi” adlı ikinci plenar sessiyasında çıxış edən ICAPP Biznes Şurasının üzvü, “Millennium Turizm & Congress DMC”nin həmtəsisçisi və baş icraçı direktoru Ruslan Quliyev turizmin təhlükəsizlik və qonaqpərvərliklə sıx bağlı olduğunu, dünyada geosiyasi mübarizənin və hərbi münaqişələrin kəskinləşməsi fonunda təhlükəsiz turizm mühiti təqdim edən Azərbaycanın 2020-ci ildə özünün ərazi bütövlüyünü təmin etməklə bütövlükdə Cənubi Qafqaz regionunda davamlı sülh və təhlükəsizlik üçün əlverişli zəmin yaratdığını bildirib. Onun sözlərinə görə, təhlükəsizliklə yanaşı, Azərbaycan turistlərə xalqımızın çoxəsrlik tolerantlıq, multikulturalizm ənənələrinə söykənən qonaqpərvərlik mədəniyyəti və sürətlə inkişaf edən turizm infrastrukturu təqdim edir.
“Şərq ilə Qərb, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycan uzun illər ərzində müxtəlif beynəlxalq siyasi, iqtisadi və humanitar tədbirlərə uğurla ev sahibliyi edir”, - deyən R.Quliyev bu baxımdan MDB ölkələri arasında ilk olaraq Azərbaycanda keçiriləcək və dünyanın hər yerindən on minlərlə iştirakçını bir araya gətirəcək COP29-a ev sahibliyinin ölkəmizin turizm imkanlarını reallaşdırmaq və genişləndirmək üçün hökumətə və iş adamlarına yeni fürsətlər təqdim edəcəyini, tədbirin keçirilməsindən əldə ediləcək zəngin təcrübənin isə Azərbaycanın turizm sənayesinin inkişafına növbəti illərdə də öz təsirini göstərəcəyini bildirib. Azərbaycanın geniş turizm imkanlarından da bəhs edən R.Quliyev ölkəmizin artıq dünyada yeni turizm istiqaməti kimi tanındığını xüsusi qeyd edib.
İclasın sonunda aparılmış müzakirələrin əsas məzmununu özündə əks etdirən Banqkok bəyanatı qəbul edilib.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu