Ziya Kazımovun ailəsi Ali Məhkəməyə xasiyyətnamə göndərilməsi üçün Kərim Vəliyevə müraciət etdi


44 günlük “Vətən müharibəsi”, “Lokal Antiterror” əməliyyatları iştirakçısı, müharibə veteranı polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlunun həyat yoldaşı Gülməmmədova Ülkər Bəhruz qızı Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərəm Vəliyevə müraciət edib.



Zabitin həyat yoldaşı müraciətində Ali məhkəməyə Z.Kazımovun onun qüsursuz hərbi xidmətləri ilə bağlı xasiyyətnaməsini göndərilməsini xahiş edib:

“Mənim həyat yoldaşım polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlu 23.08.2001-ci il tarixindən Azərbaycan Ordusu sıralarında qüsursuz xidmət edir. Qüsursuz xidmətlərinin göstəricisi olaraq Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrləri ilə 2012-ci il tarixində “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalı ilə, 2-17-ci il tarixində “Qüsursuz Xidmətə Görə” 2-ci dərəcəli medalı ilə, 2023-cü il tarixində “Qüsursuz Xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunub. Müdafiə Nazirliyinin tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə, 2-ci Ordu Korpusunun snayper bölməsində, kəşfiyyat taborunda, əməliyyat taborunda, komando bölməsində fərqlənmə ilə xidmət edib. Vətənə 23 illik xidməti dövründə əmr və tapşırıqları layiqincə yerinə yetirdiyi üçün Müzəffər Ali Baş Komandanımız, Sizin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabit heyəti tərəfindən dəfələrlə təşəkkür, fəxri fərman, qiymətli hədiyyə və medallarla təltif olunub.

Müdafiə nazirinin 26 iyun 2020-ci il tarixli əmri ilə “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

2006-2015-ci il tarixlərində xüsusi təyinatlı müxtəlif növ məxfi tapşırıqları yerinə yetirib.

2016-cı il tarixində Aprel döyüşlərində iştirak edib.

2016-2018-ci il tarixlərində müxtəlif snayper tapşırıqlarını yerinə yetirib.

2020-ci il 44 günlük Vətən müharibəsində iştirak edərək düşmənin 30 il ərzində möhkəmləndirdiyi “Ohanyan” səddini ilk yaran hərbi hissənin komandiridir. Səddin yarılmasını və ilk düşmən mövqeyinin geri alınmasını mənim həyat yoldaşım məruzə edib. Müzəffər Ali Baş Komandanımızın “İRƏLİ” əmri ilə 2-ci Ordu Korpusunun komandiri general-leytenant Mayis Bərxudarovun, Milli Qəhrəman şəhid polkovnik Şükür Həmidovun sərəncamında “Lələ-İllah” dağının qarşısındakı və solundakı mövqe və yüksəklikləri, düşmənin Araz çayı boyunca möhkəmləndirdiyi ön xətt mövqelərini, həmçinin digər hərbi hissələrin köməyinə gedərək kənd Horadiz və Nüzgar kəndləri istiqamətində Ordumuzun hərəkətini 6 gün ərzində məhdudlaşdıran düşmənin 1-ci və 2-ci eşalonda yerləşən ardıcıl 3 mövqeyini bir günə darmadağın edərək hücumu davam etdirib.

Mehdili, Koroğlu, Şeybey, Qıycaq, Daşkəsən, Balyand kənlərinin və Cəbrayıl rayonunun işğaldan azad olanması uğrunda döyüşüb.

Qaranollu, Yuxarı Güzlək, Qarazıllı, Xatınbulaq, Mollavəlili, Qarabazar, Yuxarı və Aşağı Rafadanlı, Yal Pirəhmədi, Xələfşə kəndlərini, Şabandağ, İlandağ və digər yüksəklikləri öz hərbi hissəsi olan əməliyyat taboru ilə düşməndən təmizləyərək işğaldan azad edib.

Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzulu magistral yolunu düşməndən azad edərək ələ keçirib, bununla da düşmənin bir istiqamətdə irəliləməsini tamamilə dayandıraraq Hadrutun düşməndən təmizlənməsində, işğaldan azad olunmasında uğrunda döyüşüb.

Kürdlər, Gecəgözlü, Ayıbasan, Seyidəhmədli kəndlərində gedən döyüşlərdə və düşməndən təmizlənməsində iştirak edərək, Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşüb.

27.20.2020-ci il tarixindən Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin sərəncamında, “Vətən Müharibəsi Qəhrəmanı” general-mayor Zaur Cavanşir, “Vətən Müharibəsi Qəhrəmanı” general-mayor Kənan Seyidovun əmrləri ilə Xocavənd rayonunun Tuğ, Meçtaxlar kəndindən keçməklə Şuşa istiqamətində, meşə və dağ yollarından hərəkət edərək Çanaxçı, Dəmirçilər, Siqnax kəndlərinin, Şuşakənd istiqamətində yüksəkliklərin ələ keçirilməsi və işğaldan azad edilməsi uğrunda döyüşməklə düşmənin diqqətini öz üzərinə çəkərək XTQ-nin Şuşaya girməsinə şərait yaratmışlar. Şuşa istiqamətində hərəkət edən əməliyyat qrupları digər hərbi hissələrlə birlikdə Şuşaya daxil olaraq qələbə qazanılıb.

44 günlük Vətən müharibəsi zamanı beş dəfə yaralansa da, yanlız ikisində döyüşçülər tərəfindən yaralı halda hospitala döyüş sahəsindən təxliyyə olunmuş, hospitalda ayıldığı zaman uzunmüddətli müalicəni qəbul etməyib döyüşə qayıdaraq döyüşmüşdür. Digər 3 (üç) yaralanmada döyüş sahəsini tərk etməyib.

Vətən müharibəsi zamanı verilən döyüş tapşırıqlarının yerinə yetirilməsi və iştirakı nəzərə alınaraq 30.09.2021-ci tarixində 212 nömrəli hərbi hissənin komandiri general-leytenant Mais Bərxudarov tərəfindən “Şuşa uğrunda”, Cəbrayıl”, “Xocavənd”, “Füzuli” rayonlarının azad edilməsi, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Şücaətə görə” medalları və “Rəşadət” ordeninə layiq görülüb.

Bununla bağlı müqafiq sənədlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi üçün hazırlanmış və 212 nömrəli hərbi hissəyə təqdim edilib.

19 sentyabr 2023-cü il tarixində “Lokal Antiterror” əməliyyatında öz komanda taboru ilə Qırmızıbazar, Xankəndi yolunu bağlayaraq Xocalı istiqamətində döyüşüb. Altıncı dəfə burada yaralanıb, lakin yenə də döyüş sahəsini tərk etməyərək döyüşə davam edib. Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşən həyat yoldaşım Vətən müharibəsində olduğu kimi “Lokal Antiterror” əməliyyatlarında da ordenə layiq görülmüşdür. İkincə dəfə fərqli ordenə layiq görülməsi münasibətilə hazırlanmış sənədlər 212 nömrəli hərbi hissəyə təqdim edilib. Lakin uzun müddət təltif olunacağını gözləsək də, bu günə qədər “Müharibə iştirakçısı” medalı xaric, heç bir medal və ordenlə təltif edilməyib.

Bu qədər gözəl, çətin və şərəfli döyüş yolu keçən XTQ mənsubu, snayper, paraşüt-desantçısı, kəşfiyyatçı, komando olan bir Azərbaycan zabiti, müharibə veteranı həyat yoldaşım polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlunun tabeliyinizdə ola-ola günahsız olduğunu bildiyiniz halda, tutulmasına göz yumulub, hazırda məhkum həyatı yaşamasına laqeyd qalmısınız.

Nə Sumqayıtda keçirilən Bakı Hərbi Məhkəməsində, nə də Apelyasiya məhkəməsində Müdafiə Nazirliyi və Siz tərəfdən heç bir köməklik edilməyib. Belə bir döyüş yolu keçən zabitə kömək etməyib, kimə edəcəksiniz? O, xidməti ilə bağlı hara getsə, bizim ailə də ora yerləşib. Axırıncı xidmət yeri Hadrut olub. Mən indi himayəmdə olan iki azyaşlı uşaqla hazırda Beyləqan rayonunda kirayə evdə qalıram. Oğlum Metexaqan 2023-cü ildə keçirdiyi əməliyyatla bağlı hərəkət məhdudluğu var. 23 il ev-eşik üzü görməyən, Vətəni üçün canından-qanından, ailəsindən keçən döyüşçü indi məhkum həyatı yaşayır. Sizdən mənim həyat yoldaşımın, Şanlı Azərbaycan Ordusunun zəfər çalmış zabitinə əlinizdən gələn köməklik etmənizi, günahsız olaraq məhrum olunduğu işdə bəraət almasına və ya işinin yüngülləşdirilməsinə köməklik etməyinizi, bu işi nəzarətə götürməyinizi və onun hərbi xidmətləri ilə bağlı xasiyyətnaməsini Ali məhkəməyə göndərməyinizi xahiş edirəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu