Modi: Problemləri döyüş meydanında həll etmək olmaz
Ukraynada 3 ilə yaxındır davam edən müharibəyə diqqət çəkən Hindistanın baş naziri Narendra Modi problemlərin döyüş meydanında həll edilə bilməyəcəyini deyib.
Avstriyaya səfər edən Hindistanın baş naziri Modi paytaxt Vyanada baş nazir Karl Nehammer ilə görüşüb. İki lider görüşdən sonra keçirilən birgə mətbuat konfransında açıqlamalar verib.
Modi 41 ildə ilk dəfə Hindistanın baş nazirinin Avstriyaya səfər etdiyini və çox tarixi və əhəmiyyətli bir görüş keçirdiklərini söyləyib. Modi avstriyalı həmkarı ilə iki ölkə arasında müxtəlif sahələrdə davam edən əməkdaşlıq, eləcə də Ukraynadakı gərginliklə bağlı məsələləri müzakirə etmək fürsəti əldə etdiyini qeyd edib.
Modi hər iki ölkənin Birləşmiş Millətlər Təşkilatında (BMT) və digər beynəlxalq təşkilatlarda islahatlara ehtiyac duyduğunu bildirib.
Karl Nehammer həmçinin Modi ilə Ukraynada davam edən müharibə ilə bağlı fikir mübadiləsi apardıqlarını ifadə edərək, Avstriyanın baş naziri olaraq Hindistanın bu mövzuda yanaşmasını öyrənmək və Avropa Birliyinin narahatlıqlarını bölüşmək üçün mühüm görüş keçirdiklərini vurğulayıb.
Hindistanın baş naziri Modinin Avstriyaya səfərindən əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü xatırladan Nehammer həm Modinin görüşlə bağlı təəssüratlarını, həm də Putinin mümkün sülh prosesinə yanaşmasını öyrənməyin onun üçün faydalı olduğunu bildirib.
Modinin səfəri ilə bağlı Aİ rəsmilərini də məlumatlandırdığını qeyd edən Nehammer Avstriyanın mümkün sülh toplantısına ev sahibliyi etməyə hazır olduğunu ifadə edib.
Mətbuat konfransından sonra Avstriya prezidenti Aleksandr Van der Bellen baş nazir Modini qəbul edib.