Veteranlıq statusunu üç ildən sonra ala bildi


Vətən müharibəsində iştirak edən jurnalist Hafiz Əhmədov 3 ildən sonra müharibə veteranı statusu qazanıb.


Bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.

H.Əhmədovun sözlərinə görə, bunun üçün illərlə mübarizə aparmalı olub və könüllü cəbhəyə yazılmasının 4-cü ildönümündə təsdiq cavabı alıb: “Nəhayət, mənim də veteranlıq statusum təsdiq olundu. Artıq mən də müharibə veteranıyam! 3 ildən sonra haqq, ədalət zəfər çaldı! Həyatımda qazandığım ən böyük uğurumdur. Ədalətli, vicdanlı, qorxmaz, mərhəmətli olub haqqı müdafiə edənlərin hər birinə dərindən təşəkkür edirəm.

Mən 4 il öncə məhz Tovuz döyüşlərində qəhrəman generalımız Polad Həşimov şəhid olan gün Tovuz Rayon Səfərbərlik İdarəsində könüllü əsgər kimi qeydiyyatdan keçmişdim. Veteran statusum da Tovuz döyüşlərinin ildönümü günündə, yəni 12 iyul 2024-cü il tarixində təsdiq olundu”.

Məlumat üçün bildirək ki, H.Əhmədov bu problemlə bağlı hələ 2022-ci ilin fevralında “Qafqazinfo”ya müraciət etmişdi. Onunla bərabər müharibədə Hərbi Hava Qüvvələrində xidmət edən 200-dən çox könüllü əsgərin veteran statusu ala bilməməsi ilə bağlı məqalə dərc etmişdik.

H.Əhmədov şikayətində müharibə müddətində ölkənin strateji obyektlərinin qorunmasını təmin etdiklərini, lakin xidmətlərinə görə heç bir medal belə almadıqlarını demişdi. Hərbi hissədən könüllü əsgər olmaları səbəbindən onlara müharibə veteranı statusunun düşmədiyi bildirilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu