KTM təsdiqlədi: Mədinə Hacıyeva ekizlərə hamilə olub... - TƏFƏRRÜAT+VİDEO


Yanvar ayının 26-da sancı ilə xəstəxanaya müraciət etdim. Həkimim Solmaz Mehdiyeva dedi ki, yanvarın 30-da götürərik uşaqları. Elə oldu ki, gecə ilə sancım artdı, həmin gün əməliyyata girəsi oldum.


Bunu AFN.az-a açıqlamasında əkiz uşaqlara hamilə olduğunu bilən, lakin doğumdan sonra uşağının birinin ortada olmadığını iddia edən Mədinə Hacıyeva bildirib. Qeyd edək ki, M.Hacıyeva Kliniki Tibbi Mərkəzdə (Semaşko) ana olub. S.Mehdiyeva həmin gün xəstəxanada olmadığı üçün doğuşda Minurə Kazımova iştirak edib. O, deyir ki, hamilə olduğu müddətdə USM, dopler müayinələri zamanı ekiz uşaqlarının olacağını bilib, həkimlər belə deyiblər: "Qeysəriyyə ilə ana oldum. Yerli keyitmə idi deyə huşum özümdə idi, gördüm uşaqların səsi gəlmir, soruşdum ki, bəs niyə uşaqlar ağlamırlar? Mənə cavab verdilər ki, uşaqlar nədi, bircə dənə uşağın olub sənin. Həmin an şok keçirdim, özümü pis hiss etdim. Dedim necə bəyəm, məndə ekiz idi. Adını qoydular ki, sən köksən, artıq çəki imiş görünən. Necə bəyəm kökəm? Mənim iki övladımın ikisinin də boyuna, çəkisinə qədər mənə deyilmişdi. Ona qədər neçə dəfə USM, dopler etdirmişdim. Bütün sənədlər prokurorluğa təqdim edilib. Hətta doğuş günü xəstəxanada USM edən həkimi Zeynəb Osmanova da mənim əkiz uşağa hamilə olduğumu dedi. Doğuşdan bir neçə dəqiqə əvvəl uşaqların ikisinin də ürək döyüntülərinin olduğunu dedilər. Amma doğuşdan sonra dedilər ki, bircə uşaq olub".
M.Hacıyeva sənədləri prokurorluqda olsa da, əlində dopler zamanı çəkilmiş video olduğunu bildirdi və həmin videonu redaksiyamıza təqdim etdi. Qeyd edək ki, video materialın sonunda əlavə ediləcək və nəticə çıxarmaq mütəxəssislərə həvalə olunur.

M.Hacıyevanın həyat yoldaşı da əməkdaşımızla söhbətində ekiz uşaqlarının olduğunu hamiləliyin ilk aylarından öyrəndiklərini dedi. Bildirdi ki, sevinclə onların dünyaya gəlməsini gözləyiblər, hazırlıqlarını ekiz oğlan uşağı üçün görüblər: "Hətta həmin gün xəstəxanada adını bilmədiyimiz tibb bacısı xalam qızını ekiz oğlanların olması münasibəti ilə təbrik edib, muştuluq istəmişdi. Yoldaşımı xəstəxanaya aparanda mən şəxsən özüm sənədləri, əvvəlki müayinələrin nəticələrini təqdim etmişəm. Hamısında iki dölün olduğu qeyd edilib. Doğuşdan sonra Minurə həkim düşdü aşağı və dedi ki, bir uşaq olub. Dedi sizə səhv məlumat veriblər, uşaq ekiz deyil. Hətta mənə qarşı aqressivlik etdi. Sonra mən əlimdə olan sənədlərlə getdim o biri korpusda Solmaz xanımın yanına. Orda da baxdılar nəticələrə, dedilər ola bilməz, burda iki uşaq görsənir. Biz əlimizdə olan video kadrları da orda həkimlərə göstərdik, hamısı baxdı dedi ki, iki uşaq var burda".

Maraqlıdır ki, Kliniki Tibbi Mərkəzdən uşaqların ekiz olduğu təsdiqlənib. Bildirilib ki, döllərdən biri inkişafdan qalıb və bu haqda anaya doğuşdan əvvəl məlumat verilib. Belə olan halda təbii ki, bir sual yaranır: inkişafdan qalmış dölün qalıqları hardadır? Niyə ailəyə təhvil verilməyib? Ekiz uşaqlardan biri diri doğulur, digəri inkişafdan qalırsa, onun cəsədi ailəsinə təhvil verilməli deyilmi? Bütün bu suallara isə təəssüf ki, cavab almaq mümkünsüzə çevrilib. Nə xəstəxana, nə TƏBİB detallı açıqlama verməkdə maraqlı görünmür.


Mövzunu diqqətdə saxlayacağıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu