Şuşada fransız kolonializminə dair hesabat təqdim edildi


II Şuşa Qlobal Media Forumu çərçivəsində "Fransız kolonializminin təkamülü: siyasi və konstitusional tədqiqat” adlı hesabat təqdim edilib.


"Report"un məlumatına əsasən, sənəd Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Dr. Carlyle G. Corbin tərəfindən hazırlanıb.

140 səhifəyə yaxın tədqiqatda Fransanın keçmiş və hazırkı koloniyaları – Vyetnam, Əlcəzair, Yeni Kaledoniya (Kanaki), Fransız Polineziyası (Maohi Nui), Saint Martin, Saint Barthelemy, Mayotte (Qəmər Adaları İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinik, Qvadelupa və Fransız Qvianasının kolonizə edilməsinin tarixçəsi, habelə Fransanın hazırki kolonial siyasəti barəsində məlumat verilib.

Carlyle G. Corbin vurğulayıb ki, Kaledoniyada hazırda baş verənlər kolonial sistemin hələ də qaldığını göstərir.

Beynəlxalq hüquqi sənədlər əsasında tərtib edilmiş hesabatda Fransa tərəfindən törədilmiş və hazırda törədilən cinayətlər (etnik təmizləmə, köləlik ticarəti, yerli əhalinin repressiyaya məruz qalması, həbs və qətlə yetirilməsi, aclıqdan qırılması və s.), BMT qətnamələrinin icra edilməməsi, bu əməllərinin kökündə duran Fransanın siyasi, hərbi strateji və iqtisadi maraqları haqqında geniş şəkildə bəhs edilib.

Xüsusi olaraq qeyd olunub ki, Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərin kökündə Fransa Prezidenti Emmanuel Makronun yerli əhalinin dekolonizasiya prosesi ilə əlaqədar tələblərinə göz yumması, öz siyasi kolonial siyasətini zorla irəlilətmək istəyi olub. Bundan əlavə, Fransa rəsmilərinin Yeni Kaledoniyada baş verən son iğtişaşların xarici qüvvələrin, xüsusilə də Azərbaycanın müdaxiləsi ilə əlaqələndirməsinin əsassız olduğu qeyd olunub, bunun beynəlxalq ictimaiyyəti yerli kanak xalqının haqlı tələblərindən yayındırmaq məqsədi daşıdığı vurğulanıb.

Hesabat müəllifi qeyd edib ki, tədqiqat Fransa hökumətinin koloniyalarda beynəlxalq hüquqa zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə çağdaş dövrün bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə xidmət edəcək.

Bildirilib ki, tədqiqatın BMT və onun ixtisaslaşmış qurumlarına, habelə Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Afrika İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu