Moldova parlamentinin əməkdaşı dövlətə xəyanətdə ittiham olunur
Dövlətə xəyanətdə ittiham olunaraq saxlanılan Moldova parlamentinin əməkdaşı İon Kreanqa vəzifəsindən kənarlaşdırılıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
“Dünənki axtarışlardan sonra saxlanılan parlamentin hüquq departamentinin rəhbəri İon Kreanqa vəzifəsindən kənarlaşdırılıb” - deyə açıqlamada qeyd edilir. Mətbuat xidmətinin TASS müxbirinə verdiyi məlumata görə, Krenq 1992-ci ildən parlamentdə işləyir, 1999-cu ildən isə Moldova Konstitusiya Məhkəməsində parlament nümayəndəsidir.
Bundan əvvəl Moldovanın sərhəd polisi bu işlə bağlı əməkdaşının Kişinyov beynəlxalq hava limanında saxlandığını təsdiqləyib.
Ötən gün İnformasiya və Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun əməkdaşları dövlətə xəyanət işi üzrə aparılan istintaq çərçivəsində parlamentdə və hava limanında axtarışlar aparıblar. Nəticədə Rusiya səfirliyinin əməkdaşı ilə görüşüb ona məlumat ötürməkdə şübhəli bilinən Kreanqa sərhəd polisi tərəfindən saxlanılıb.