Bakıda "sən uşaqsan" sözünə görə göz çıxaran idmançı həbs edildi


Bakıda tanımadığı şəxslə dalaşaraq ona ağır xəsarət yetirən Müşfiq qəsəbəsi 33 saylı orta məktəbin 10-cu sinif şagirdi K.Yadullayevə (soyadlar şərtidir) hökm oxunub.


"Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 15 yaşlı oğlan Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, paytaxtdakı idman klublarından birinin cüdoçusu olan K.Yadullayev həmin gün avtobusla məşq üçün Müşfiq qəsəbəsindən metronun "20 Yanvar” stansiyasının qarşısına gəlib. O, avtobus dayanacağında bacısı ilə qonşusu olan qıza 2 nəfər oğlanın yaxınlaşdığını görüb və münaqişə baş verib. Münaqişə zəminində həmin şəxslərdən biri olan E.Yusifov yeniyetməyə "Sən uşaqsan, uşaq işi ilə məşğul ol”, deyərək kənarlaşdırmağa çalışıb. Bu zaman K.Yadullayev onun baş nahiyəsinə əli ilə zərbə endirib. Zərbə nəticəsində E.Yusifovun gözün gözdaxili möhtaviyyatın axması, hematoması və yarası ilə, eləcə də sol orbitanın ön divarının sınığı ilə müşayiət olunmuş küt zədə alıb və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox (33 faiz) dayanıqlı itirilməsinə səbəb olan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti alıb.

Məhkəmədə K.Yadullayev sambo və cüdo üzrə çoxsaylı yarışlarda qalib olduğunu deyib. O, tanımadığı şəxsə "uşaq” sözünə və bacısına yaxınlaşdığına görə zərbə endirdiyini bildirib.

N saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusu olan zərərçəkmiş K.Yadullayevə ağır cəza verilməsini xahiş edib.

Məhkəmənin ötən həftə çıxardığı hökmlə K.Yadullayevə 4 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş yeniyetmə məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, hadisə hərbçinin məzuniyyətdə olduğu zaman baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu