ETİRAZ: Seçki məntəqələri namizədin rəhbər vəzifədə işlədiyi fabirikin həyətindədir


23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyası 22 və 23 saylı seçki məntəqələrini namizədinin ailəsinə məxsus “Bakı Tikiş Evi”nin ərazisində yerləşdirib.


AFN.az xəbər verir ki, bununla bağlı məlumatı həmin dairədən deputatlığa namizəd memar Elçin Əliyev yayıb. O bildirib ki, rəqibi “Bakı Tikiş Evi”nin sahibi Fidail Rəhimovun oğlu Elnur Rəhimovdur: "Seçki onun ailəsinə məxsus mülklərdə keçiriləcək. Mənim kimi Elnur Fidail oğlu Rəhimov da 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürür. Çox yaxşı. O, atası Fidail Rəhimovun sahibi olduğu “Bakı Tikiş Evində” maliyyə üzrə direktor müavini vəzifəsində çalışır. Çox yaxşı və Allah onlara rifah və daha böyük sifarişlər versin. Lakin məni çaşdıran odur ki, Dairə Seçki Komissiyası 22 və 23 saylı seçki məntəqələrini namizədinin ailəsinə məxsus “Bakı Tikiş Evi”nin ərazisində yerləşdirib. Təsəvvür edirsiniz?! İki məntəqədə seçkilər namizədin ailəsinə aid mülkiyyətdə keçiriləcək!"

Qeyd edilən məsələ ilə bağlı AFN.az-ın sorğusuna cavab verən 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının sədri Ağabala Quliyev bildirdi ki, 22 və 23 saylı seçki məntəqələri yaradılandan “Bakı Tikiş Evi”nin ərazisində fəaliyyət göstərir: "Girişlər ayrıdır, fabrikin işçiləri seçkiyə qarışmır. Seçicilər də ətraf ərazilərdə yaşayan adamlardır, heç bir müdaxilədən söhbət gedə bilməz, seçki günü seçicilər gəlib sərbəst səslərini verib gedəcəklər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu