Passiv deputatın aktiv biznesmenliyi... - Malik Həsənov yenidən seçiləcəkmi?


2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər üçün namizəd olanlardan biri də üç dəfə millət vəkili olmuş Malik Həsənovdur.


M.Həsənov ilk dəfə 2010-cu ildə deputat seçilib. Daha sonra 2015 və 2020-ci illərdə millət vəkili postuna yiyələnib.

Onun namizədliyi bu dəfə də Cəlilabad şəhər seçki dairəsindən (71 saylı) verilib. O, əvvəlki seçkilərdə də eyni dairədən namizəd olub.

Passiv millət vəkillərindən olan Malik Həsənov ardıcıl dördüncü dəfə deputat seçilərsə, bu, sadəcə təəssüf doğuracaq, çünki M.Həsənov “seçkidən-seçkiyə görünən deputat” imici ilə tanınır. Cəlilabadlı deputat parlamentin iclaslarında danışmır, layihələrin müzakirəsi zamanı fikir bildirmir, təklif və tənqid səsləndirmir.

M.Həsənov deputat kimi passiv olsa da, biznesdə və başqa sahələrdə olduqca aktivdir. Onun tanınmasında, biznes və siyasi həyatda sürətlə yüksəlməsində qardaşı Kərəm Həsənovun xüsusi rolu var. Həsənov qardaşları uzun illərdir, yüksək postlarda möhkəm dayanıblar. Öncə K.Həsənov vəzifə pillələrində yüksəlib, daha sonra isə onun açdığı yolla qardaşı M.Həsənov irəliləyib.

K.Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik edən zaman 2006-cı ildə "Azinko Holdinq" tikinti şirkətini yaradıb. Komitə sədrinin şirkətlə rəsmi əlaqəsi olmasa da, biznes dairələrində çox yaxşı bilirdilər ki, "Azinko Holdinq"in sahibi məhz K.Həsənovdur. Cəmi bir il sonra şirkətə M.Həsənovun rəhbər təyin edilməsi də "Azinko Holdinq"in Həsənov qardaşlarına aid olmasını təsdiqləyir.

"Azinko Holdinq" əsasən Bakıda tikinti işləri ilə məşğuldur. Şirkət şəhərin müxtəlif yerlərində yaşayış kompleksləri tikib, eyni zamanda dövlət əhəmiyyətli bir sıra layihələrin icraçısıdır.

Bu holdinqin ən məşhur işlərindən biri Abşeronun şərqində, Bilgəh qəsəbəsində dəniz sahilində 9 hektar sahədə "Jumeirah Bilgah Beach Hotel” hotel kompleksinin inşasıdır.



Hətta mediada gedən xəbərlərə görə, "Loti Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun Türkiyədə qətlə yetirildiyi “Alva Donna Exclusive Hotel Spa” hotelinin azərbaycanlı sahibi Sərxan Babayev Kərəm Həsənovun adamıdır. Yəni sözügedən hotel də dolayısı ilə Həsənov qardaşlarına məxsusdur.

M.Həsənov rəsmi olaraq 2007–2010-cu illərdə "Azinko Holdinq"ə rəhbərlik edib.

O, 2010-cu ildən biznes fəaliyyətinə formal olaraq son verib və həmin il deputat seçilib. Bununla da M.Həsənovun siyasi həyatı başlayıb və artıq 14 ildir ki, deputatdır.

M.Həsənovun yenidən deputat seçilməsi seçicilər üçün heç nəyi dəyişməyəcək, sadəcə olaraq, Milli Məclisdə passiv millət vəkillərindən biri olduğu yerində qalacaq.

Sfera.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu