Gürcüstanın baş naziri xarici donorların QHT-ləri şantaj etdiyini deyir
450-dən çox qeyri-hökumət təşkilatı “Xarici təsirin şəffaflığı haqqında” qanuna əsasən reyestrdə qeydiyyatdan keçib.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib. "Xarici maliyyə ilə işləyən təşkilatların əhəmiyyətli hissəsi Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət edib", - deyə Kobaxidze bildirib.
Baş nazir həmçinin qeyd edib ki, QHT-lərin qeydiyyatı prosesi aktiv təzyiq və şantaj fonunda baş verib. Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları həm QHT-lər, həm də ayrı-ayrı xarici donor təşkilatları tərəfindən təhdid və şantaj olunur.
Kobaxidze həmçinin Gürcüstan QHT-ləri üçün qrant proqramının yaradılması haqqında qərarını açıqlayıb. Bildirib ki, bu proqram gürcü vergi ödəyicilərinin pulları hesabına tam şəkildə Gürcüstanın dövlət büdcəsindən maliyyələşdiriləcək yaxın iki ayda hazırlanacaq və ilk qrant layihələri 2025-ci il yanvarın 1-dən maliyyələşdiriləcək.