Taleh Yüzbəyov 18 min manat cərimələndi
Aktyor Taleh Yüzbəyov 18 min manat cərimələnib.
"Qafqazinfo” xəbər verir ki, buna onun şəhərin mərkəzində açdığı kafe səbəb olub.
Vergi cəriməsinə tuş gələn gənc aktyor, kafeni bağlamaq məcburiyyətində qaldığını, bu iaşə obyekinə görə bir sıra borcları yarandığını instaqram hesabında yazıb:
"İlk aylar yeməklərin maliyyətini hesablamadan menyuya saldıq, ziyan elədik, borclanma yarandı. Hər bina altında yerləşən kafedə olduğu kimi bir demaqoq qonşu hər yerə bizi şikayət elədi, cərimələndik. Dərdimiz azmış kimi, üstəlik cərimə də ödəməyə məcbur olduq, maaşlar gecikdi. Dövriyyə istədiyimizdən az olduğuna görə bazara borclu qaldıq, bəzi qida məhsullarını almağa çətinlik çəkdik, müştəri narazı qaldı. Kafeni ayaqda saxlaya bilmək üçün bütün dost-tanışlarımızdan borc aldıq, Torqovuda işıq xətti partladı. Bu problemdən 4-5 obyekt əziyyət çəkdi, onun biri də biz olduq, işığa görə neçə müddət normal işləyə bilmədik, dövriyyəmiz azaldı, borclarımız bir az da artdı. İşıqlar düzəldi, kondisioner xarab oldu. Onu düzəltdik, mətbəxi su basdı. Onu həll elədik, işıq şitində yanğın oldu. Yanğını söndürdük, arendanın vaxtı çatdı. Arendanı borc alıb ödədik, maaşların vaxtı yetişdi. Yenə borc tapıb, maaşları ödədik, əvvəl aldığımız borcun vaxtı çatdı. Borcları qaytara bilmək üçün var güclə işlədik, yay sezonu gəldi, işçilər dəniz kənarında işləməyə qaçdı.
Təcrübəli işçi tapana qədər xidmətdə problemlər yarandı, yenə müştərilər narazı qaldı. Xidməti düzəltdik, mətbəx gecikən maaşlara görə tətil elədi. Mətbəxi sakitləşdirdik, arendanın vaxtı çatdı. Obyekt yiyəsinə yalvardıq, işıq pulunun vaxtı gəldi. İşıq idarəsinə yalvardıq, işığımızı kəsdilər. Yenə borc tapıb, işıq pulunu ödədik, maaşlara çatmadı, bir çox işçi işdən çıxdı. Yenilərini tapdıq, növbəti arendanın vaxtı çatdı. Başımız problemlərə elə qarışdı ki, işə gələn və gedən işçiləri sistemə vurmaq yadımızdan çıxdı, cərimələndik. 18.000 azn! Vallah, vergidən yayınmaq fikrimiz yox idi. Sadəcə başımızı itirmişdik. 18 min manat! Bu artıq "Fatality” idi. Borca görə hesabımız bloklandı, kartla ödənişlər borca getməyə başladı. Daha çox müştəri cəlb eləmək üçün reklama güc verdik, tarixi binadır deyib, adımızı binadan sökdülər. İşçilər yenə mitinq elədi, arendanın yenə vaxtı çatdı, işıq pulu yenə gəldi, bazara borcumuz daha da şişdi, digər borc sahibləri də bizi divara dirədi və dırmaşdırmağa başladı, kafeni bağladıq”.