Hindistanlı milyarder Ratan Tata vəfat edib
Milyarder və Hindistanın “Tata Group” korporasiyasının direktorlar şurasının keçmiş sədri Ratan Tata 86 yaşında vəfat edib.
Bu barədə şirkətin saytında məlumat verilib. Bildirilir ki, mükəmməlliyə, dürüstlüyə və innovasiyaya sarsılmaz sadiqliyi ilə onun rəhbərliyi altında "Tata Group" öz əxlaqi prinsiplərinə həmişə sadiq qalaraq qlobal varlığını genişləndirib. "Tatanın xeyriyyəçilik və cəmiyyətin inkişafına sadiqliyi milyonlarla insanın həyatına toxunub. Təhsildən tutmuş səhiyyəyə qədər onun təşəbbüsləri gələcək nəsillər üçün faydalı olacaq dərin iz buraxıb”, - deyə məlumatda qeyd edilir.
Ratan Tata 28 dekabr 1937-ci ildə anadan olub. O, Hindistanın nüfuzlu Tata ailəsindəndir. 1990-2012-ci illərdə "Tata Group"a sədrlik edib və 2016-cı ilin oktyabrından 2017-ci ilin fevralına kimi şirkətin müvəqqəti sədri olub.
"Tata Group" 1868-ci ildə yaradılıb, Hindistanın ən böyük şirkətlərindən biridir. Şirkət informasiya texnologiyaları, energetika, maşınqayırma, material və kimya istehsalı sahəsində fəaliyyət göstərir.