Roulinq Britaniyanın bestsellerlər siyahısında birinci yeri itirib
"Harri Potter" kitab seriyasının britaniyalı yazıçısı J.K. Roulinq Britaniyanın ən çox satılan müəllifləri siyahısında birinci yerdən geriləyib.
Bu barədə Britaniyanın “Teleqraf” qəzeti məlumat yayıb.
"JK Roulinq Culiya Donaldson tərəfindən İngiltərənin ən çox satılan müəllifi kimi taxtdan endirilib", - qəzet yazıb.
Qeyd olunur ki, hazırda siyahıda birinci yeri “The Gruffalo” adlı uşaq şəkilli kitabını yazan Culiya Donaldson tutur. Qəzetin yazdığına görə, Donaldson bütün dövr ərzində Roulinqi 600 000 ədəd üstələyib.
Eyni zamanda nəşr qeyd edib ki, "Harri Potter" kitablarının müəllifi ən çox maaş alan yazıçıdır. Ümumilikdə o, əsərlərinin bütün satışlarından Donaldsondan 150 milyon funt sterlinq (182 milyon dollar) çox qazanıb.