Pentaqon transseksuallara bir ay vaxt verib

ABŞ ordusu transseksualları fərdi istisnalar almadıqları təqdirdə 30 gün ərzində xidmətdən çıxarmağa başlayacaq.
AFN.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın transseksualların hərbi xidmət keçməsini qadağan edən sərəncamı ilə bağlı məhkəmə prosesləri çərçivəsində açıqlanan memorandumda deyilir.
“Gender disforiyası diaqnozu və ya tarixçəsi olan, habelə ona uyğun gələn əlamətlər olan hərbi qulluqçular hərbi xidmətdən tərxis olunacaqlar”, - deyə sənəddə bildirilir. Pentaqon yalnız iki cinsi tanıyacağını açıqlayıb: kişi və qadın. "İnsanın cinsi dəyişməzdir və ömrü boyu dəyişmir. Bütün hərbi qulluqçular yalnız cinsinə uyğun xidmət edəcəklər", - deyə mətndə vurğulanır.
Qeyd olunur ki, konkret şəxslər üçün istisna məsələsinə yalnız “döyüş potensialını bilavasitə dəstəkləyən hərbi qulluqçunun xidmətdə saxlanmasında məcburi dövlət marağı” olduqda fərdi qaydada baxıla bilər. Belə bir istisna əldə etmək üçün hərbçi heç vaxt cinsini dəyişməyə cəhd etmədiyini sübut etməli və 36 ay ərzində gender kimliyinin sabitliyini nümayiş etdirməlidir.