Söküntüdən sonra o qiymətə ev ala bilmirlər – Milli Məclisdə TƏKLİF


“Ölkəmizdə, xüsusən də Bakı şəhərində ciddi sökünütülər aparılır və ya aparılacaq. Hər bir söküntüdən sonra onlarla narazı vətəndaş əmələ gəlir və bu narazılığın bir neçə səbəbləri var. Bəzilərinin yaşayış sahəsi kiçik oluğu üçün verilən kompensasiya ilə ev ala bilmir deyə narazılıq edir, bir qrup həmin ərazidə bazar qiymətləri ilə kompensasiya tələb edir, digər qrup isə iki-üç dəfə şişirdilmiş qiymətlərlə pul tələbi qoyur. Nəticə isə üç tərəfə - dövlət orqanlarına, vətəndaşlara və sahibkarlara - problem yaradır. Yüzlərlə narazılıq edən vətəndaşlar, sahibkarlar və qapısı döyülən dövlət orqanları var. Onların parlamentdən də gözləntiləri var”.


Bunu deputat Razi Nurullayev parlamentdə deyib.

O, köçürmələrin yaratdığı “ən böyük problem”dən danışıb. “Köçürülən insanlar aldıqları kompensasiya ilə şəhər kənarlarında bir və ya ailə üzvlərinin təlabatına görə bir neçə yerdə torpaq alıb ev tikir. Bu evlər də, əsasən zəbt edilmiş, sənədsiz və infrastrukturu olmayan ərazilərdə həyata keçirilir. Hansı mənzərə ilə üzləşirik? Bakıda söküntü aparıb onu abadlaşdırır, gözəlləşdirir, rahat infrastruktur yaradırıq, 5-10 kim kənarda isə ciddi problemlər yaradır və sanki minalar basdırılır. Qaz, su, işıq, yol, yağış-qar yağanda su altında qalmış evlər və dövlətdən kömək tələb edən vətəndaşlar”, - deputat qeyd edib.

Yaranmış vəziyyətdə həll yollarını təklif edən deputat bildirib ki, qanunvericilik səviyyəsində problemin həllinə töhfə verək: “Söküntü aparılan ərazilərdə heç bir kənar hüquqi müdaxilə və ya izaha yol açmayan birmənalı dəyişikliklərə gedək. İstər dövlət söksün, istər sahibkar, fərq etmədən söküntü aparılan ərazilərdə vətəndaşlara yalnız ev və kommersiya obyekti təklif edilsin. Əgər söküntü infrastruktur, park və digər dövlət məqsədəri üçün tikilirsə, elə həmin ərazidə vətəndaşlara ya ev tikilib təqdim olunsun, ya da onlara hazır evlər alınıb verilsin. Doğurdan da təqdim olunan kompensasiya ilə söküntü aparılan ərazilərdə və yaxın yerlərdə o qiymətlərə ev almaq mümkün olmur.

Bununla yanaşı, söküntü ərazilərində qanundankənar hərəkətlərə yol verən vətəndaşlar və sahibkarlarla bağlı icrası məcbur məhkəmə qərarları verilsin və bu sahədə məhkəmə çəkişmələrinin uzun müddətli olmasının qarşısını almaq üçün də lazımdırsa, qanunvericiliyə dəyişikliklər edək. Ümid edirəm ki, bu məsələ ilə bağlı ciddi müzakirələr apara və məsələnin ədalətli həll yolunun tapılmasına töhfə verə bilərik.
Ümumiyyətlə, kompensasiyaların verilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına ya ayrıca bəndlər, ya da fəsil əlavə edə bilərik”.

Mürtəza,
Ölkə.Az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu